Hadi Rəcəbli - 75

Sevda ƏLİBƏYLİ : -   Mən Çörəklə ucalmışam...

MƏDƏNİYYƏT 07:26 / 23.10.2022 Baxış sayı: 6450

                                                       

 

    Siyasi elmlər doktoru, professor, Prezident yanında İdarəçilik Akademiyasının müəllimi Hadi Rəcəbli oktyabrın 25-də 75 yaşıyla vidalaşır. Yubiley ərəfəsində zəng vurub kefini soruşdum və Xalq şairi Nəriman Həsənzadənin bu misralarını söylədim:

                 Gəlib çatdım yetmiş beşə,

                 Düşdüm neçə keşməkeşə.

                 Həsəd apardım yetmişə,

                 Bu yaş o yaş deyilmiş...

     Güldü və xarakterinə uyğun olaraq zarafatla cavab verdi: "Yaş hələ ki, məni qorxutmur. Dərsimi də deyirəm, idmanla da məşğul oluram, tədbirlərdə də başdayam..."

     Düşündüm elə isə, 70 yaşında yazıb “Xalq qəzeti”ndə və "Söz" jurnalında  dərc etdirdiyim yazını heç nə dəyişmədən oxucuların diqqətinə çatdırım.

Mənə elə gəlir ki, Hadi Rəcəblini ilk tanıyandan bəmbəyaz görmüşəm saçlarını. İlk görüşüm 1973-cü ildə olmuşdu. O zaman mən Lənkəran şəhər 5 saylı orta məktəbin VI sinif şagirdi, Hadi müəllim isə Lənkəran şəhər Komsomol Komitəsinin I katibi idi. Hər il mayın 19-da keçmiş SSRİ-də Ümumittifaq pioner təşkilatı günü qeyd olunardı. Həmin gün rayon-şəhər pionerləri adından çıxış edəcəkdim. İndiki Heydər Əliyev adına meydanda yüksək tribuna var idi. Bu tribunaya ilk dəfə qalxırdım. Minlərlə tamaşaçının toplaşdığı meydandakılara məni Hadi müəllim təqdim etdi. Videoların, telekanalların olmadığı həmin zamanda rayonda yerli qəzet vardı və bir də yerli radio. İnsanlar səbirsizliklə yerli qəzeti və yerli radio verilişlərini gözlərdilər. Ertəsi gün adım ilk dəfə yerli qəzetdə dərc olundu, yerli radioda səsləndi.

Bir il sonra komsomol yaşımız çatırdı. Bizimçün məsuliyyətli bir zirvə olan komsomol sıralarına da bizi Hadi müəllim qəbul etdi. İndi o illərin uzaqlığına varanda görürəm ki, gözümüzdə müdrik ağsaqqal olan Hadi müəllim cəmi 27 yaşındaymış.

Həyatda elə insanlar var ki, elə anadangəlmə ağsaqqal olurlar. Xeyirxah xidmətləriylə gənc ikən xalqın gözündə ucalırlar. Bəzən qibtə ediləsi bir şəxsə deyirlər: «Bəxtəvərə anası görən necə layla çalıb?!» Bəli, anası ən xoş arzularla balasına layla çalıb. Bəylərova Firuzə Kəlbə Yunus qızını Lənkəranda tanımayan tapılmaz. Firuzə müəllimə 86 illik ömrünün 50 ilini pedaqoji sahəyə həsr etmişdi. Onun müəllimliyindən başqa, şux zarafatları, biş-düşü, hətta şeir yazması da hamıya məlumdur. Firuzə müəllimə könül duyğularını övladlarına, sevdiyi insanlara, sonra isə nəvə-nəticələrinə ünvanlayıb. Könül duyğularını nəzmə çəkərək ilkinin - Hadi balasının laylasına çevirib. «Hadi budu, başda budu, komandirdi, polkovnikdi... Moskvadan məktub yazarsan mənə. Sən diplomu alanda təbrik yazaram sənə. Raykom adın alanda əhsən deyərəm sənə. Alim adın alanda qurban kəsərəm sənə» və s.

Ana nə arzulamışdısa, balaşı hamısına nail olub. Hətta bir az da artıq. Firuzə müəllimə hərdən yarıciddi-yarızarafat deyirdi ki, şairlik arzulamamışdım balama. Əgər buna da nail olursa, uğurlar diləyirəm.

Hadi müəllimlə 50 illiyində görüşəndə avtobioqrafik bir şeir verdi ki, bəzi suallara aydınlıq gətirmək üçün tanış olum. Doğrusu, şeir yazmasının ilk dəfə şahidi olurdum. Səmimiyyətlə yazılmış həmin şeiri yubileyində özündən özünə ən gözəl sürpriz kimi “Söz” jurnalında dərc də etdik.

“Söz” jurnalı ilk olaraq Hadi Rəcəblini oxuculara şair kimi tanitdı. Sonralar “Söz” ilə əməkdaşlığı davam etdi. “Millət vəkilinin söz sevgisindən” adlı xüsusi rubrika da açdıq ona. Dərc etdiyimiz ilk şeirində belə bir misra vardı: “Anam şeir nəfəslidir, mənsə onun avazıyam”. Şeir nəfəsli anasının avazı olan Hadi Rəcəblinin şeir yazması heç kimi təəccübləndirmədi. Sonralar bu barədə xalq şairi Nəriman Həsənzadə belə yazmışdı: “Mənim tanış olduğum şeir parçaları Hadi Rəcəblinin 50 yaşından sonrakı ömrün məhsuludur. Yetkin, dərin, övlada, ailəyə bağlılıq hissləri ilə dolu bir poeziyadır! Bu şeirlərdə bir az nostalji hiss etdim, ötən günlərə həsəd duydum, yaşamaq arzuları oxudum, məhəbbətlə ömür sürmək istəyi olan qeydlərlə tanış oldum. Məni xüsusən avtobioqrafik şeirlər daha çox duyğulandırdı...”

Deyirlər ki, hər şeyin hazırına gələn adam yaxşı rəhbər ola bilməz. Gərək fəhləlikdən başlayasan. Təsadüfi deyil ki, Hadi Rəcəbli orta təhsilini başa vurmamış böyük ailələrinə yardımçı olmaq üçün 14 saylı çörək zavodunda fəhləliyə başlayıb. Sonralar həmin günləri belə nəzmə çəkib:

 

Zəhmət məni tez tanıdı, ağuşuna erkən çəkdi,

Arzu zəmim bir toxumla səpilmişdi, onu da ki, tale əkdi.

Fikrim-zikrim çörək idi, ehtiyacım onda təkdi,

Otuz beş il addım-addım  zəfər çaldım, təhsil aldım,

Gəlib çatıb əlli yaşım.

 

Çörək dərdi, çörək ətri həyatımın mənasına çevrilmişdi,

Bərəkətin qədri ulu, xalqım onu imdad yeri, and bilmişdi.

Mən çörəklə ucalmışam, uşaqlığım sünbül kimi biçilmişdi,

Həyat adlı bir təknədə yoğrularaq, əzilərək, sıxılaraq

Gəlib çatıb əlli yaşım.

 

Uşaqlığı sünbül kimi biçilən gənc çörək zavodunda işləyə-işləyə Moskva Yeyinti Sənaye İnstitutunda təhsil alıb. Elə zavodda mühasib, texnoloq, iqtisadçı vəzifələrinə yüksəlib. Ordan şəhər komsomol komitəsinin ikinci, sonra birinci katibi seçilib. O dövrün gənclər hərəkatında, tədbirlərdə, idman yarışlarında, fənn olimpiadalarında, musiqi müsabiqələrində Lənkəran komsomolçuları nəinki Azərbaycanda, Ümumittifaqda öncüllərdən idilər. Hadi müəllim gözəl təşkilatçılığı sayəsində yaddaşlarda elə iz qoydu, indi də adı gələndə yaşlı adamlar «komsomol Hadi» deyirlər ona.

Respublika Komsomolunun Mərkəzi Komitəsində, həm də I katiblər arasında onun xətir-hörməti yüksək idi. Bu xətir hörməti və işgüzarlığını nəzərə alaraq 1976-cı ildə Hadi Rəcəbli dovlət qulluğunda yeni vəzifə perspektivləri üçün Bakı Ali Partiya Məktəbinə göndərilir və oranı fərqlənmə diplomu ilə bitirir. 1978-ci ildə “Bakinski raboçi” qəzetinin Cənub bölgəsi üzrə xüsusi müxbiri işləyir. Qəzetçilik fəaliyyətiylə də yadda qalır. Problem məsələlər qaldırır və həllinə də nail olur. Mərkəzi Komitənin rus dilində çıxan qəzetində imzasını qoya bilir. 1980-1981-ci illərdə Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri, indiki ifadəylə desək, şəhərin meri seçilir. O dövr də lənkəranlıların yaxşı yadındadır. Şəhərdə bir canlanma vardı. Hər şənbə-bazar şəhər camaatı iməciliyə çıxırdı. İnsanlar hər yerdə abadlıq, yaşıllaşdırma, səliqə-səhman işlərilə məşğul olurdular. Bu işə məktəblilərdən tutmuş idarə, müəssisə rəhbərləri də cəlb olunurdu. “Lənkəran” qəzetində sonralar da davam etdirilən “Evimiz, küçəmiş, şəhərimiz” rubrikası Hadi müəllimin təşəbbüsüylə yaranmışıdı. Hər rübün axırında “Ən təmiz küçə”, “Ən yaşıl həyət” və s. müsabiqələrin qalibləri elan olunur, haqlarında qəzetdə yazılar dərc olunurdu. Eyni zamanda səliqəsiz məhəllələr, bərbad küçələr və s. tənqid edilirdi. Tənqidi yazılar əlaqədar təşkilatlara göndərilir, görülən tədbirlər barədə dərhal cavablar gəlirdi.

Hadi Rəcəblinin sonrakı fəaliyyəti respublika miqyasını əhatə edir. 1981-1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat partiya işi şöbəsinin inspektoru işləyir. Burdan Şəki Şəhər Partiya Komitəsinin birinci katibi seçilir və 1988-ci ilə kimi bu vəzifədə çalışır. Şəki həmin illərdə əsl ziyalı mərkəzinə çevrilir. Sosial-abadlıq işləriylə, camaatın maddi-rifah halının yaxşılaşdırılmasıyla yanaşı Şəkidə ilk dəfə Gülüş və İdman bayramlarının, yubiley tədbirlərinin keçirilməsinə nail olur. Bütün bunlar qədirbilən Şəki camaatının yaddaşında əbədi iz qoymuşdur. Dəfələrlə özüm şahidi olmuşam, hər bir şəkili etiraf edir ki, Şəkiyə çox raykomlar, icra başçıları gəlib-gedib, heç kim Hadi müəllimin yerini verə bilmir. Maraqlıdır ki, şəkililər Milli Məclisdə öz seçdikləri deputatlardan çox Hadi müəllimə müraciət edirdilər.

1989-1995-cu illərdə Nazirlər Kabinetində referent, aparıcı mütəxəsis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Həmin ağrılı illərdə qaçqınlarla, köçkün və didərginlərlə işləmək məhz onun qismətinə düşmüşdü. 1995-ci ilin seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini verdi. Hadi müəllim əvvəl də deputat olmuşdu. Sovet dönəmində nomenklatura idi, birinci katib olan şəxs Ali Sovetin deputatı olmalıydı. Amma indi seçilməliydi. Bəziləri millət vəkilliyinə vəzifə kimi gəlsələr də, Hadi Rəcəbli Nazirlər Kabinetindəki şöbə müdirliyini təhvil verib millət vəkilliyini üstün tuturdu. Və 37 min seçicinin səsini toplayıb millət vəkili seçildi.

Hadi Rəcəbli beş çağırış eyni dairədən namizədliyini irəli sürüb və seçilib. Xalq elçisi kimi özünü doğrultmuş, millət vəkili kimi özünü təsdiq etmişdir. Hadi müəllim üçün kənd-şəhər problemi yoxdur. Bütün fəaliyyəti şəhərlə bağlı olduğundan şəhər camaatı onu daha yaxşı tanıyır, sevir və işgüzarlığına bələd olduqlarından inanırdılar. Hadi müəllim isə namizədliyini kənd dairəsindən verir. Çünki Veravul kəndində dünyaya göz açdığından özünü həmişə kəndli balası sanır. Hamı kimi onun üçün də Vətən kəndindən başlayır. Kənd üçün yeni məktəb binasının tikintisinə, müasir avtomat telefon stansiyasının istifadəsinə və s. işlərə nail olub.

Beynəlxalq Konfranslarda tez-tez Azərbaycanı təmsil edib. Elmi məruzələri və çıxışları maraqla dinlənilib. Qaldırılan ən qlobal məsələ - Qarabağ, qaçqın, köçkün probleməri olub.

Başqa komitələrin qanun müzakirələrində də Hadi müəllim ən fəal deputatlardandır. İçtimai televiziyanın operatoru Ramin Nuriyev iştirak etdiyi iclaslardan bir məqamı mənə danışmışdı. Yeri gəlmişkən xatırlayaq. Milli Məclisdə Lerik rayonunun iqtisadi, xüsusilə yol problemi müzakirə edilirmiş. Çox hörmətli xanım deputatlarımızdan biri deyir ki, Lerik Azərbaycanın ən ucqarı olduğu üçün ora pul sərf elmək labüd deyil. Bu fikrə ilk etirazını bildirənlərdən biri Hadi Rəcəbli olur və bildirir ki, Qarabağ da elə diqqətsizliyimizin ucbatından erməni tapdağına çevrildi. Lerik də digər bir ölkənin beş addımlığındadır.

       Bütün bunların nəticəsidir ki, bir sıra qeyri hökümət və beynəlxalq təşkilatların sorğu nəticələrinə görə “İlin deputatı”, “İlin ziyalısı”, “Jurnalistlərin dostu” elan edilmiş, Yusif Məmmədəliyev adna medala layiq görülmüşdür. Uşaq hüquqlarının müdafiəsi üzrə BMT-nın müəyyən etdiyi  lider siyasətçilərdən biri idi.

Həyatda minnətdar olduğu şəxslər arasında ilk növbədə ulu öndərin adı məhəbbətlə çəkir. 20 yaşından məhz onun rəhbərliyi altında işləməsini fəxarətlə anır. Ulu öndərimiz haqqında xatirələri şübhəsiz ki, bir yazıya sığan deyil. Amma elə xatirələr var ki, onları anmamaq mümkün deyil. Belə görüşlərdən biri Heydər Əliyevlə birgə müqəddəs Məkkə, Mədinə və Ciddə şəhərlərinin ziyarətidir. Məlumdur ki, Həcc ziyarəti müqəddəs Qurban bayramındadır. Məhz Heydər Əliyev cənablarına olan hörmət və məhəbbət sayəsində Kəbə evinin qapıları Qurban bayramında deyil, adi vaxtlarda ziyarətçilərin üzünə açılıb. Xarici səfərlərdə ümummilli liderin nələrə qadir olduğunun dəfələrlə şahidi olub. Belə saysız-hesabsız görüşlər, qəbullar yaddaşının ən unudulmaz xatirələrindəndir.

60 yaşının tamamında möhtərəm İlham Əliyev cənabları Hadi Rəcəblini ən ali mükafatlardan olan “Şöhrət” ordeniylə təltif etmişdir. 70 yaşında isə “II dərəcəli Vətənə Xidmət” ordenilə təltif olundu.

Hadi Rəcəbli Azərbaycanda ilk dəfə “BMT-nin ixtisaslaşmış qurumları ilə Azərbaycan arasında əlaqələr” mövzusunda namizədlik dissertasiyası, “Azərbyacan Respublikasında sosial siyasətin transformasiyası və komporativ təhlili” mövzusunda doktorluq işi müdafiə etmişdir. “BMT-nin ixtisaslaşmış qurumları ilə Azərbaycan arasında əlaqələr”, “BMT-nin ixtisaslaşmış qurumları” və digər 11 kitabın müəllifidir. Dərs dediyi akademiyada tələbələrə beynəlxalq təşkilatlara aid xüsusi kurslardan mühazirələr oxuyur.

Gənclərlə işləmək gəncliyindən əzizdir Hadi müəllimə. Gənclərdə iki xüsusiyyət - mənəvi və fiziki tərbiyənin inkişafı həmişə diqqət mərkəzindədir. Çox zaman tələbələrini təcrübəyə Milli Məclisə gətirir. Tələbələr Əmək və Sosial Siyasət və digər komitələrinin iclaslarında olur, məsələlərə müdaxilə edir, fikir mübadiləsi aparırdılar. Tələbələrlə Hadi müəllim arasında qibtə ediləcək dərəcədə səmimi münasibət vardır. Buna nail olduğuna görə daxilən qürur hissi keçirir.

Akademiyada həmçinin məmurlara - nazirlərə, icra başçılarına... siyasi elmlərdən mühazirələr oxuyur.

Lənkəran diyarı dövri-qədimdən generalları, hərbi sərkərdələri, təbabətin bütün sahələri üzrə dünyada marşallıq etməyə layiq olan tibb alimləri ilə məşhur olub. Siyasət sahəsində isə Hadi Rəcəbli səviyyəsinə yüksələn ikinci siyasətçi yoxdur. Hər kəs bundan yalnız fəxarət duya bilər. Bəzən fikirləşirəm, bu gün onun müasiri olan bizlər onun böyüklüyünü dərk edirikmi? Təəssüf ki, yox. Onunun işinə yarıyıb, birinə yarımayanda dünya şöhrətli siyasətçinin ünvanına qəzetlərdə, sosial şəbəkələrdə nələr yağdırmırlar? Bütün bu böhtanlara, ədalətsizliklərə cavab verməsə də, ağrılar ürəkdən keçir axı... Görən nə vaxt dərk edəcəyik ki, Lənkəranın ziyalılıq simvollarından biri olan Hadi Rəcəbli ictimai-siyasi həyatın önündə gedən, BMT-də tanınan siyasətçilərdən idi. Milli Məclisdə qəbul etdirdiyi qanunlar - duzun yodlaşdırılması, ana südü, ana və uşaq, ailə qanunçuluğu və s. məsələlərlə bağlı problemlər BMT-də dünya dövlətlərinə nümunə olan modern qanunlar siyahısındadır.

Böyük enerji və iş qabiliyyətinə malik bu şəxsin vaxtını necə böldüyü məni həmişə düşündürür. Şəxsən özümlə bağlı bəzi məqamları xatırlamaq istəyirəm. Dəfələrlə icra strukturlarında yüksək vəzifələrə - Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinliyinə mənim namizədliyim irəli sürüləndə məni dəstəkləyənlərdən birincisi Hadi müəllim olub. 5-6 il əvvəl Şüvəlanda «Yaşıl bağ» deyilən Reabilitasiya xəstəxanasında müalicə alırdım. Xəstəxanada müalicə alanlar əsasən elm yə sənət adamları, təqaüddə olan keçmiş vəzifə adamları idilər. “Söz” jurnalıyla görüş keçirmək istədiklərini bildirdilər. Görüşə Hadi müəllimi də dəvət etdik. İşinin çoxluğuna baxmayaraq görüşümüzə gəldi, çıxış etdi, xəstəxananın problemləri ilə maraqlandı. BDU-da daxili xidmət general-mayoru Aydın Məmmədova həsr olunmuş “Xəzərin general oğlu” kitabımın təqdimatı keçiriləndə bütün təşkilati məsələlər onun diqqət mərkəzində idi. Cənub bölgəsinin ən məşhur jurnalistlərindən olan Əyyub Rzayevin Lənkəranda - doğulub yaşadığı və əbədiyyətə qovuşduğu Bala Şürük kəndində vəfatının on illiyi ilə əlaqədar anım gününü keçirirdik. Zəng vurub Hadi müəllimi də dəvət etdik. Dediyi vaxtda gəlib anım günündə iştirak etdi. “Söz” jurnalının yubiley tədbirlərində də eləcə.

Bəlkə də, onu sevdirən cəhətlərindən biri sadəliyi, səmimiliyidir. Bir də ki, işgüzarlıq, insanlara gərək olmaq mayasında, qanındadır.

Gərgin iş saatlarından sonra dost-tanışların, imkansız və əlillərin toy, şadyanalıq, məclislərində qol götürüb süzəndə, kimsənin sevincinə şərik olanda bütün yorğunluğunu unudur. Son dərəcə ailəcanlı olan Hadi müəllim nəvələrini qeyri-adi məhəbbətlə sevir, ömür-gün yoldaşı Mehriban xanımla birgə nəvələrilə olanda yorğunluğunu unudur.

Torpağı çox sevir. Lənkəranla nəfəs alır. Şüvəlandakı bağında adam özünü Lənkəranda hiss edir. Limon, naringi, feyxoayla yanaşı nanə, giləmərzə də əkib becərir. Onların ətrini duyub bəhrəsini görəndə sanki bir ömür cavanlaşır. Tanıyanlar bilir ki, boş vaxtı varsa, ya Şüvəlandakı bağındadır, ya nəvələrinin yanında.

Dediyim kimi, Hadi müəllimlə yazı-pozu adamı olaraq ən yaxın ünsiyyətim 50 illik yubileyində olmuş, yazı hazırlamışdım. 50 yaşına “cavanlığın qocalığı” söyləmişdi. 60-da daha gümrah görünürdü. “Söz” də dərc etdirdiyi bir şeirində deyirdi:

Qınamayın, yaşıdlarım, gəlin məni,

Bilməm nədən sevə-sevə qocalıram?

Məhəbbətin əziyyəti saçlarıma salıb dəni,

Bəlkə, elə mən həyatdan bıı minvalla bac alıram?!

İlahi sözü yüksək qiymətləndirən Hadi Rəcəbli  onu sevənlərin istəyiylə  60 yaşdan sonra  özü haqqında kitab yazılmasina razılıq verdi. “Hadi Rəcəbli düşüncələr işığında” adlanan həmin kitab qarşımdadır. Kitabın üz qabığından tutmuş icərisindəki fəsillərin tərtibatı da gözoxşayandır. Yazıların “dadına-duzuna” da irad tapa bilmədim. Müəllif tapmaqda da  Hadi Rəcəbli   yanılmayıb. Son dərəcə səmimi və orjinal  qələm sahibi Kamal Turalla (Rəhmanov)  “Lənkəran” qəzetində uzun illər birgə işləmişik... Müəllif “Kəsişən yollar”  bölümündə fikirlərinə belə aydınlıq gətirir: “Bir ailənin xoşbəxt övladı, anasının “Şah əsəri” sayılan Hadi Rəcəblinin arxada qoyduğu ömür yolunun uğurları ilə öyünməyə haqqı çatır. Gərgin əmək və işgüzarlıq keyfiyyətləri ilə bir insanın hamının gözləri önündə reallaşan canlı obrazı həqiqətən də çox dəyərli, çox mənalı bir ömrün simvoludur. Elə buna görə də düşüncələrimin işığında gedəcəyim yolun oxucular üçün də ibrətli məlumatları üzə çıxaracağına inanıram”.

İnamında haqlı idi Kamal Tural. Və bu haqlı inamla kitabı yazıb başa çatdırıb. Təəssüf ki, ilk və yeganə kitabını görmək sevincini yaşaya bilmədi. Amansız ölüm onu aramızdan vaxtsız apardı.  Amma onu da bilirik ki, dünyada ən uzunömürlü varlıq sözdür. Kamal Tural sözlə təkcə Hadi Rəcəbliyə yox, özünə də əbədiyaşar söz abidəsi ucaltdı.

Kitabla bağlı daha bir nüansı xalq yazıçısı Anar “Ön söz”də yazır: “...Hadi Rəcəblinin rəhbərlik etdiyi rayonda bölgənin bütün incəliklərini, dadını, duzunu, koloritini özündə əks etdirən, ömrüm boyu unuda bilməyəcəyim bir tədbir  - “Şəki bayramı” keçirilirdi. Həmin gün bir sıra obyektlərlə yanaşı, hamımız üçün əziz olan kitaba hörmət abidəsi kimi xüsusi zövqlə tikilmiş “Rəhil” kitab evi də açılırdı.  Kitaba hörmət, sevgi, qayğı Hadi Rəcəblinin tutduğu bütün vəzifələrin tərkib hissəsi olmuşdur. Hələ cavan çağlarında Lənkəranda şəhər başcısı olarkən ənənəvi Kitab bayramının keçirilməsi  yaddaşlarda onun adıyla qalıb”.

Hadi Rəcəbli  70 yaşına təmtəraqlı yubiley tədbiri keçirmədi. Haqqında Kamal Turalın yazdığı kitabı  daha da təkmilləşmiş şəkildə rus dilində çapa hazırladı. “Şeirə həvəs tükənmir” deyibən özünü təbrik etdi.

Arxam oldu doğma yurdum,

Qucağında yuva qurdum.

Dağlar aşdım, yollar yordum,

Qaralmayıb hələ nəfəs,

Canımda var min bir həvəs...

Hadi Rəcəbli ömrün 75 illik zirvəsindən geriyə boylananda şərəfli bir yol görür. Mübarizə və gərginliklərlə dolu ömür yolu. 40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olan həyat yoldaşı Mehriban xanım respublikanın Əməkdar müəllimidir. Birgə boya-başa çatdırdıqları övladlarının dördü də cəmiyyətdə layiqli mövqe sahibidirlər. Estafeti nəvələr davam etdirir. Ali və orta məktəblərdə qazandıqları uğurlarla ailəyə başucalığı gətirirlər.  Ailədə nəsil davamçısı olaraq  Hadi Rəcəbli  də yetişir, Mehriban Rəcəbli də...

On nəvə toyu, nəticə sevinci gözləyir onu. Özünün dediyi kimi:

Nəvələr yaşadar məni yüzədək.

Hadi Rəcəbli 75 illiyini yenicə çapdan çıxmış “Sosial sahələrin idarə edilməsi” kitabıyla qarşılayır. Bilir ki, bəşəriyyət üçün kitabdan dəyərli heç nə yoxdur.

Hadi Rəcəblinin ömür yoluna qısa nəzər saldım. Onun təbiətinə, xarakterinə uyğun yazmağa çalışdım – səmimi, pafosdan və gəlişigözəl sözlərdən uzaq.  

 

* * *

Yazını hazırladığım zaman Hadi müəllimə maraqlandığım bir sualı da ünvanladım - artıq Milli Məclisdə komitə sədri deyilsiniz. İnsanların sizə münasibəti necədir? Aydınlıq gətirdi ki,  uzun illərin təcrübəsindən məlumdur, vəzifədə olanda ətrafında yüzlərlə adam fırlanır. Elə ki, enişlər olur, əksəriyyəti gözə görünmür. Onda bilirsən ki, onlar çörək dostları imiş... Birinci sinifdən parta yoldaşım olan Hüseynbala Mirələmov bu gün də ən yaxın dostum, sirdaşımdır. Eləcə də 3-4 nəfər. İndi yaşımızın elə dövrüdür ki, 30-40 nəfərlə oturub-durmağa nə vaxt var, nə də ovqat. Elə 3-4 nəfər bəs edir. Bir də ailəm, 4 övladım, 2 kürəkənim, nəvələrim... Bu gün onlar cəmiyyətdə nüfuzlu mövqe sahibidirlər. Kiminsə işinə yarınmaq istəyəndə onlara müraciət  edirəm. Mənə ümidlə müraciət edənlərə onların vasitəsilə kömək etməyə çalışıram.

 

 * * *

 

SÖZARDI: Elə bilirəm insanın ilk sevgisi ana sevgisidir. Qalanları ondan sonra gəlir... Hadi Rəcəbli ilə Firuzə müəllimə arasında qeyri-adi ana-bala sevgisi vardı... Firuzə müəllimə yeddinci ildir dünyasını dəyişib. Lakin ailədə xatirəsi hər zaman ehtiramla anılır... Firuzə müəlliməyə niyə qayıtdım? Ötən yay Lənkəranda “Palıdlı sahil” istirahət mərkəzində dincəlirdim. Tibb elmləri namizədi, uzun illər Şüvələndakı Yaşıl bağ deyilən Reabiltasiya mərkəzinin baş həkimi işləmiş şairə Tamilla xanım Hacıyeva ilə birgə dincəlirdik. İstirahət üçün hər şərait nümunəvi qaydada idi. Amma diqqətimi çəkən və yadımda əbədi qalacaq “Nənəmin xatirə otağı” oldu. Tural Rəcəblinin yaratdığı bu xatirə otağı nənəsi Firuzə Bəylərovanın şəxsi əşyalarından ibarət olsa da, bir növ sanki onun yaşadığı dövrün salnaməsini əks etdirir. Bütün varlığı ilə ziyalılıq və xeyirxahlıq simvolu olan Firuzə müəllimənin qab-qacağı, xalşa-palazından çox, ona bağışlanan kitablar, qəzet və jurnallar diqqəti cəlb edir. Qəzet və jurnallar arasında bizim “Söz” jurnalının da müxtəlif sayları yer alır.

 

Sevda ƏLİBƏYLİ