"Elçin Əfəndiyev bir dəfə də mənə salam verməyə qorxmuşdu" - Flora Kərimova


Xalq artisti Flora Kərimova xalq yazıçısı Elçin Əfəndiyevlə aralarında yaranmış anlaşılmazlığa münasib bildirib. Söhbət Amaliya Pənahova ilə vida mərasimində Flora Kərimovanın  protokol qaydalarını pozması barədə iddialardan gedir.

Xalq artisti Flora Kərimova Yeniavaz.com saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Bəzi saytlar yazdılar ki, guya mən protokolu pozmuşam. Əvvəla, mənim nazir Əbülfəs Qarayevə çox böyük hörmətim var. Çünki mən onu bir insan kimi yaxşı tanıyıram. Az da olsa, onun bu millətə, sənətə qarşı yaxşı hərəkətləri olub. Heç bir yaxşılığı itirən deyiləm...
Amaliya Pənahova ilə vida mərasimində nazir danışmaq üçün səhnəyə çıxıb, bir qədər gec qatıldığımdan onun harda oturmasından xəbərim olmayıb. İçəri girərkən Amaliya xanımın teatrında çalışan bir aktyor məni qarşıladı, həmçinin başqa bir nəfər məni gətirib oturtdular o yerə. Təbii ki, kimin harda oturmasından xəbərim yox idi.
Məni 2 nəfər ora aparıb oturdanda nə deməli idim, soruşmalı idim ki, bura haradır, yanında kim oturub? Orada sənətinə vurğun olduğum xalq artisti Şəfiqə Məmmədova da oturmuşdu. Onunla öpüşüb görüşdük, oturdum. Bir də gördüm Elçin Əfəndiyev arxasını mənə çevirdi. Dedim müxalifətəm deyə qorxursunuz?".
Xalq artisti iddia edib ki, illər öncə Elçin Əfəndiyev onun salamını almayıb: "Bir dəfə də mənə salam verməyə qorxmuşdu. Tamaşa ilə bağlı onu təbrik edəndə salam verməyə qorxdu. Saytlar yazırlar ki, Flora Kərimova protokol qaydasını pozub. Mən gəlməmişdən qabaq protokolu Elçin Əfəndiyev pozmuşdu. Xeyli müddətdir işdən çıxarılıb, rəsmi şəxs deyil, orada xalq yazıçısı kimi oturmuşdu. Onun yanında oturmuşamsa, Şəfiqə xanım oturubsa, nə protokol? Məni onun yanında xalq artisti kimi oturdublar: kim protokolu pozub, mən, yoxsa o?
Mənim ümumiyyətlə protokoldan xəbərim yox idi və protokol söhbəti də olmamalı idi. Mənə qədər protokol onsuz da pozulmuşdu. Orada protokola haqqı olan nazir idi, o da səhnədə çıxış edirdi. Sonra alqışlar oldu, hamı zaldan çıxdı, ən axırda da nazir.
Zalda baş verənlər ardıcıllıqla çəkilirdi, özümdən danışmıram. Hər dediyim sözün arxasında sübutla dururam. Bu şayiələri, yanlış xəbərləri saytlara ötürənləri məhkəməyə verə bilərdim.
Elçin Əfəndiyev arxasını mənə çevirən anı göstərmirlər, ancaq mənim arxa çevirməyimi göstərirlər. Üzümü çevirməyim ona etirazım idi. Baxanlar da elə bilir ki, öz-özümə başlamışam mübahisəyə. Mənim mövqeyim də öyrənilməli idi bu məsələ ictimailəşdirilməmişdən öncə.
Adam yanıb töküləndə məcburdur ki, acıdillərə kim olduğunu isbat eləsin.
Mən xalqımdan dönə-dönə üzr istəyirəm - nə sənətimə sənət çata bildi, nə ağlıma ağıl çata bildi, nə səbrimə səbir çata bildi, 78 yaşım var, əl çəkin məndən”.

DİGƏR XƏBƏRLƏR

Top