Pensiyalar niyə cüzi qalxıb? Hadı Rəcəbli cavab verir

Hadı Rəcəbli

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli BBC Azərbaycanın suallarına cavab verir. Onunla müsahibəni Bakıda jurnalist Natiq Cavadlı aparıb.

- Hadı müəllim, sosial problemlər ucbatından ən radikal addımlara əl atanlar oldu, mən intiharları nəzərdə tuturam. Bunlardan hakimiyyət necə bir dərs aldı və belə hadisələrin gələcəkdə baş verməməsi üçün hansı tədbirlər görülməlidir, yaxud görülürmü?

- Niyə intiharları sırf sosial məsələlərə bağlamalıyıq?!

- Çünki intihar edənlərin əksəriyyəti sosial problemlərinin olduğunu gizlətmirdi...

- Onların bir qismi o cür düşünə bilər. İntihar hallarının böyük əksəriyyətində emosiyalar olur, ailə münaqişələri təsir edir. Çox təəssüf ki, intiharları yalnız sosial məsələlərlə əlaqələndiririk.

- Aparılan araşdırmalar belə göstərir...

- Həyatın özü belədir. Sual yaranır, axı, niyə sosial durumu olan məcburi köçkünlər özlərini yandırmırlar?

- Onların arasında da intihara cəhd edənlər ola bilər...

- Yox, elə şey yoxdur. Bir daha deyirəm, mən intiharların sosial məsələlərlə əlaqələndirilməsinin tam əleyhinəyəm. Bir müddət öncə Qarabağ əlili özünü yandırmışdı, məgər, sosial məsələydimi?

- Zaur Həsənovmu?

- Bəli, onun intiharı sosial yox, bizneslə bağlıydı.

- Eyni zamanda, məmur özbaşınalığı deyildimi?

- Xeyr, biznes problemiydi, onun kafesi vardı və s.

- Ancaq onun mülkiyyət hüquqları tapdanmışdı...

- Əgər məsələnin dərininə getsəniz, o cür olmadığını bilərsiniz.

- Əgər elə deyilsə, niyə Həmkarlar İttifaqı Konfedrasiyası onun ailəsinə 100 min manat yardım etdi?

- Yardım etdilər, dəstək oldular. Bilirsiniz, hər kəsin öz həqiqəti yoxdur. Həmin hadisədə hüquqi məsələlər vardı, amma dərinə gedilmədi.

- Mərhumun atası isə oğlunun hüquqlarının tapdandığını söyləyir və konfederasiya sədri Səttar Mehbalıyevin ailəyə yardım etməsi Sizə nəsə demirmi?

- Yardım Zaur Həsənovun hüquqlarının tapdanmasına görə deyildi, cəmiyyətin yanaşması və üstündə Qarabağ əlili adı olduğuna görəydi. Mən bu məsələnin dərininə getdim, məlum oldu ki, kafenin yeri başqasının adınaydı, Zaur Həsənov ərazini satmışdı, gəlin, bu məsələni çözməyək, adam artıq yoxdur. Allah rəhmət etsin, hüzründə oldum, atasıyla görüşdüm. Mərhuma ev verilib, onun iki arvadı vardı, birindən 2, o birindən 3 uşağı vardı. Biz də o məqamda məsələnin dərininə getmədik, çünki Qarabağ əliliydi. Mən söhbəti ona yönəldirəm ki, intiharlarda sosial məsələlər səbəb ola bilər, amma mən vətəndaş kimi danışıram, hakim partiyanın üzvü olaraq yox. Sosial məsələlər səbəb ola bilər, ancaq bütün intiharlar onunla bağlı deyil. Əksinə, intiharların hamısı emosional, psixoloji hallardan irəli gəlir.

- Niyə belə düşünürsünüz?

- Çünki onlardan bir az da pis vəziyyətdə olanlar intihar etmir. Dünyada bu məsələlər araşdırılır və təhlil olunur.

- Dediyiniz psixoloji gərginliyi də ölkədəki idarəetmə üsulu yaratmırmı?

- Yox. Məsələn, birini deyim, bu günlərdə bir qadın özünü yandırmışdı, səbəb hansısa zabitin onunla evlənəcəyi vədi verməsi, sonradan aldatması olmuşdu. Bu hadisədə səbəb nədir?

- Zabitin özbaşınalığı deyilmi?

- Görürsünüz, şəxsi və psixoloji məqam. Yenə deyirəm, sosial durum səbəblərdən biridir.

- Əsas səbəb deyilmi?

- Yox. Əgər kasıblığı əsas götürürüksə, əhalinin 5 faizə qədər kasıbdır. Ona görə 5 faiz özünü intihar etməlidir?

- Siz bu rəqəmə inanırsınızmı?

- Məsələ ondadır ki, kasıblıq məfhumu nisbidir. 5 faiz gerçək reallıqlardan irəli gəlir. Biz kasıblığı necə başa düşürük, mənim qohumum var, ayda 500 manat maaş alır və özünü kasıb sayır. Mən onu kasıb yox, orta təbəqə hesab edirəm. Axı ailəsində başqaları da 500 manat alır, dolanmaq üçün şəraiti var.

- Amma dərman pulu, xeyir, yas mərasimləri, istirahət və s. Bunları nəzərə almırsınız?

- Məsələni belə qoymayaq. O zaman Banqladeşin, Pakistanın, Əfqanıstanın və ABŞ-nin kasıbıyla bizimkiləri müqayisə edək. Yəni kasıblıq məfhumu mütləq deyil, nisbidir.

- O zaman varlılıq məfhumu da nisbidir?

- Bəli, məsələn, Azərbaycanda 100 min dolları olan varlıdır, ABŞ-da 1 milyardı olan, bu baxımdan nisbidir. Mən kasıb müəllim ailəsində böyümüşəm, 15 yaşımdan fəhləlik etmişəm, 6 bacı-qardaş olmuşuq, amma özümü asmamışam.

- Sovet dövründə dövlət sosial qayğı göstərirdi, indikindən fərqli olaraq...

- Xeyr, çox aşağı təminat idi. O zaman adamların tələbatı aşağıydı, bu gün tələbat artıb.

- O cümlədən, məmurların və onların övladlarının da tələbatı artıb...

- Məntiqidir və sizinlə razıyam. Amma istehlak mədəniyyəti məfhumu da var, bu mədəniyyəti aşağı olanlar əllərinə bir qədər pul düşən kimi bahalı avtomobil alırlar. O adamlar Allahın da, xalqın da nifrətinə səbəb olurlar. Mən kommunistlərin dövründə birinci katib işləmişəm, amma məhrumiyyətləri keçərək o vəzifəyə yüksəlmişəm, imkanım olsa da, ev, maşın almamışam, yaxud balalarımı camaatın "gözünə soxmamışam". Deyək ki, işdən azad edərlər deyə qorxudan bunları etməmişəm. İndi gərək tərbiyə rol oynasın.

- Ancaq prezident "qudurğan məmur övladları" deyə çağırış etdi...

- Necə oldu sonu, övladının əziyyətini çəkdi, niyə bunları görüb deməyək?! Nəticə göründü də, prezident onlara qiymət verib yerində otuzdurdu.

- Amma davamı gəlir, mediada digər məmurların övladlarının dəbdəbəli yaşamı haqqında faktlar ortalığa çıxır...

- Gərək dərs götürsünlər də.

- Sizcə, dərs götürürlərmi?

- Götürməlidirlər. Əks təqdirdə, fərqli mənzərəylə üzləşəcəklər. Bu məsələ ətrafında geniş danışmaq istəyirəm, amma kəsmə, baxın, bu gün Ərdoğanın oğluyla söhbətini ortalığa qoyublar. Yaxud başqa nazir övladları haqqında məlumatlar mətbuata çıxır. Yəni bu mövzu dünyanın gündəmindədir, atalar deyir ki, bar gətirən ağac başını aşağı salar. Elə məmurlarımız var ki, uşaqları əndazədə dolanır, cızıqlarından çıxmır. Mənim oğullarım və kürəkənlərim cürət edib zəng etməzlər ki, ata bizi DYP saxlayıb. Çünki bilirlər ki, DYP saxlayıbsa, qanunla cavab verməlidirlər. Ona görə bunları deyirəm ki, bütün məmurların övladları nümunə olmalıdır. İnsanlarımız qudurmamalı, harınlaşmamalıdır, cəmiyyətdən yayınmaq mümkün deyil, ictimaiyyət hər şeyi görür. Hamının necə maşın sürdüyünü də, necə dolandığını da görür. Çox təəssüf ki, o adamların bəzilərinin geyim mədəniyyəti də yoxdur, geydikləri bahalı paltar da onlara yaraşmır.

Təqaüdlər və tibbi sığorta

- Pensiyaları çox cüzi miqdarda artırmaqla hakimiyyət insanların sosial problemlərini necə həll etdiyini düşünür?

- Əvvəla, pensiya konsepsiyası ardıcıl olaraq islahatlara uğrayır. İkinci, pensiya artımları cüzi yox, ardıcıldır.

- 1 manat 50 qəpik artım necə qarşılana bilər?

- Yox, o deyil, dediyin pensiyanın sığorta hissəsinin indeksləşməsidir, qanuna görə ildə bir dəfə indeksləşmə olur. Təəssüf ki, bunu hərdən pensiyanın artımı kimi verirlər.

- Bir müddət əvvəl də 5 manat artırılmışdı...

- Daha doğrusu, 10 faiz civarında artmışdı. Bu gün minimum əməkhaqqının artımı ilə pensiyanın baza hissəsində gedən artım təxminən bir-birini tamamlayır. Təsəvvür edin ki, prezident büdcədən Sosial Müdafiə Fonduna 1 milyard 600 milyon manat köçürdü, yəni fondun büdcəsinin yarısı qədər. Bu gün sığorta haqlarını yığmaq üçün gərək faizi qaldıraq. Azərbaycanda sosial sığorta haqqı 22 faizdir, 3 faiz də vətəndaş özü ödəyir. Əgər pensiya fonduna artımı təmin etmək istəyiriksə, faizi artıraq. Dünyada 37 faizdir, bizdə çatışmayan tərəfi büdcədən transfer olunur.

- Sizin dediklərinizə orta statistik azərbaycanlı fərqli baxış qoyur və deyir: dərmana, həkimə ehtiyacını çatdıra bilmir, yaxud bir təqaüdçü ərzaq qiymətlərinin bahalaşdığı bir vaxtda bu pensiya ilə necə dolanmalıdır - bu sualın cavabını bilirsinizmi?

- Mən onunla razıyam ki, ödəmə baxımından problemlər olur. Amma başqa məsələ də var: vətəndaş pensiya çərçivəsində dolanmalıdır. Pensiya dərmana çata bilər də, həm də bütün pensiyaçılar xəstə deyil. İkinci, konstitusion hüquq var, uşaqları 18 yaşına qədər valideynlər saxlayır, qocalara isə 70 yaşdan sonra övladları dəstək olur. Başa düşürəm, yaşayış minimumu 115 manatdır, belə götürdükdə pensiya gərək çatmalıdır. Biz hazırda pensiyaçıların dərman və səhiyyə xərclərinin formasını düşünürük. Ki, o xəstəxanaya gedəndə dövlət hesabınadır, evdə isə öz hesabına müalicə alır.

- Amma xəstəxanalarda rəsmən dövlət hesabınadır, qeyri-rəsmi pul ödəyirlər...

- Onu deməyək. Biz hazırda “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər və əlavələr edirik.

- Doğrudan da, “Tibbi sığorta haqqında” qanun neçə illərdir niyə qəbul olunmur, hətta sabiq prezident Heydər Əliyev 1999-cu ildə bu barədə fərman da imzalayıb, amma...?

- Qoy, indi tənqid edim, görürəm, dilimdən bunu eşitmək istəyirsən. Bürokratik əngəllər imkan vermir qanunun qəbuluna.

- Nədir dediyiniz bürokratik əngəllər?

- Tənbəllik.

- Tənbəllər kimdir, hansı məmurlardır?

- Məgər, birdir, ikidir...?

- Səhiyyə naziridir?

- İndi mənim dilimdən sözü çıxarıb başlığa verəcəksiniz. Sevindirici haldır ki, cənab prezident Əli Əhmədovu baş nazirin sosial məsələlər üzrə müavini təyin edib. Əli Əhmədov təyin olunandan birinci məşğul olduğu məsələ tibbi sığortadır.

- Yaxın 1 ildə məsələ həll olunacaqmı?

- Bəli. İndi mən bürokratik əngəllərə toxundum, əslində məsələnin özü çətindir. Birinci, səhiyyənin bütün maliyyələşməsi dəyişməlidir. Təsəvvür edin ki, büdcə də, özəl də tibbi sığorta fonduna pul verməlidir və ordan da xərclənməlidir.

- Amma Gürcüstan çox tez keçdi bu sistemə...

- Onlarda da, Rusiyada da uğursuz keçid oldu, problemlər hələ qalmaqdadır. Ağır keçid olacaq. Bir daha ona qayıdıram ki, nə qədər həyat var, insanın tələbatı ilə təminatı düz mütənasibdir. İnsan təmin oluna-oluna tələbatı artır.

"Ukraynanı qatmayaq"

- Bakıda və rayonlarda villaların da sayı artır...

- O da olacaq, çünki biz bazar iqtisadiyyatına keçmişik.

- Bəs Ukraynada əhali prezidentin villasına daxil olduğu kimi Azərbaycanda oxşar hallar yaşanmazmı?

- Ukraynanın məsələsini bura qatmayaq. Biz bazar iqtisadiyyatına keçmişik, kapitalizm varlı və kasıb deməkdir, Ukraynada isə sosialist inqilabı oldu.

- İsmayıllı rayonunda insanlar icra başçısının yaxınlarının hərəkətlərinə etiraz edirdilər...

- Məntiq var, prezident də demişdi ki, məmur xalqın xalqının xidmətçisidir. Bir daha deyirəm, kapitalizmə keçiriksə, varlı-kasıb olacaq, pullu kişilər də o cümlədən.

- Varlılar da kasıbları əzməlidirmi?

- Yox, hüquqi dövlətdə necə əzmək olar, hərəsinin öz yeri var.

- Kasıb sual edəcək ki, icra başçısı 1500 manat aylıq maaşla villanı necə inşa etdirib, Quba icra başçısının villasının yandırılmasının şahidi olduq...

- Məntiqidir, ortalıqda deklarasiya söhbəti var, zaman-zaman bu barədə qanun qəbul olunacaq. Biz təkamül yoluna üstünlük veririk.

- Amma həmkarınız Zeynəb Xanlarova Milli Məclisdə Xəzər dənizinə girişi bağlayan hasarlardan danışaraq üsyan xəbərdarlığı etdi...

- Bir az emosional danışdı Zeynəb bacımız. Onun dedikləriylə razı deyiləm. Dünyanı gəzirik, məgər, dənizlər hasarlanmayıb, hansı ölkədə belə şey yoxdur?

- Mən görməmişəm, misal deyə bilərsinizmi?

- Mən çox görmüşəm, dəniz kənarlarında sanatoriya, kurort yerləri var ki, hasarlanıb.

- Qara dəniz sahillərində belə hasarlanma yoxdur...

- Yox, var. Mən Antalyada olmuşam, dənizin kənarını hasarlayıblar, sanatoriya tikilib. İnsanları çaşdırmaq düzgün deyil, aydın məlumat verilməlidir. Əslində, bərbad yerləri hasarlayıb abadlığa çeviriblər, ətrafında da bələdiyyənin yeri var insanlar üçün. Əgər özəlləşməyə keçmişiksə, bununla razılaşmalıyıq.

- Hadı müəllim, seçildiyiniz rayonda seçicilərin problemlərilə tanışsınızmı, əsasən nədən şikayət edirlər və onların hansı problemlərini həll edə bilirsiniz?

- İnsanların problemləri heç vaxt bitməyəcək. Almaniyanı misal çəkəcəm, bu ölkənin ən böyük problemlərindən biri pensiya təminatının ödənilməsidir, səbəb də orta yaşın 82 olmasıdır, pensiyaya 60 yaşında çıxırlar. Azərbaycanın problemi isə bir sıradır, bizim rayonda ən çox şikayət edilən məsələ: birinci, Lənkəranda torpaq az, əhalinin sayı çoxdur, təsəvvür edin, 6 sot torpağı olanın evində 6 uşaq var. 18 yaşları olanda miqrasiya problemi yaranır, yəni uşaqlar Rusiyaya işləməyə gedirlər. Bəzən müxalifət miqrasiyanı xüsusi qabardır, halbuki, bu, təbiidir. Şikayətlərə gəlincə, işləmək istəyənlə pul istəyən başqadır, işləmək istəyən 100 manata razılaşır, çünki sonra maaşı artır. Amma bir qrup insanlar iş təklif edəndə əvvəlcədən “nə qədər verəcəksən” soruşur, 200 manat deyəndə, razılaşmır. Ancaq bacardığı bir şey də yoxdur, ən böyük bəla budur. Azərbaycanda kiçik sahibkarlığa imkan yaradıldığından iş yerləri var, amma tənbəllik də az deyil. Daha sonra adamlarda ələbaxımlıq hissi var, 4, 10 sot torpaqları olsa da, heç nə əkmirlər.

- Bəlkə problemləri fermerlerə verilən kreditlərdə axtarmalıyıq?

- 1 milyard yarım güzəştli kredit verilib.

- Ancaq bir sıra fermerlər kreditlərin onlara çatmadığı haqqında mətbuata dəfələrlə danışıblar...

- Mən razı deyiləm. Bu yaxınlarda Lənkərandan heyvandarlıq təsərrüfatı quran birinə kömək etmişəm, bürokratik əngəl yaratmışdılar. Mənim bölgəmin xarakterik problemi iş yeri ilə bağlıdır. Səbəb də əmək ehtiyatlarının çox, yerin az olmasıdır. İkinci də adamlar işləmək istəmirlər, yaxşı, mən 15 yaşımda kisə daşıyanda belələri hardaydı, hər şey oradan başlayıb da.

Gülər Əhmədova parlamentə necə düşüb?

- Siz millət vəkili seçilmək üçün pul vermisinizmi?

- Qəti! Bir dəfə pul verərsən, iki dəfə, yox, heç vaxt, mən dörd dəfə deputat seçilmişəm.

- Bəs Sizə rüşvət verməyiniz təklifi olubmu?

- Xeyr.

- Yəqin ki, nəyə görə bu sualları verdiyimi bilirsiniz?

- Bəli, Gülər Əhmədovaya görə. ...Onun kimi insanlar cəmiyyətdə olur və cəzasını da alır.

- Daha doğrusu YAP-da olur...

- Hər yerdə ola bilər. Məgər, YAP-da olanda cəza almadı, aldı.

- Necə izah etmək olar ki, jurnalistə 9 il cəza verirlər, ona 3 il?

- Güman ki, qadın, üstündə azyaşlı körpə olması rol oynayıb. Bilirsiniz, başqa məsələlər də vardı, gərək, dərindən baxasan. Mən heç onun həbsinin tərəfdarı deyildim. Bir daha deyirəm, kiçik uşağı vardı, nədənsə, o, ilk gündən yerində olmayan adam idi, təsadüfən parlamentə düşmüşdü.

- Bəs YAP-ın deputat siyahısına necə düşmüşdü?

- O cür adamlar olur.

- Yenə də ola bilərmi?

- Demək olmaz ki, yoxdur. Axı ideal hər şeyin olduğunu necə demək mümkündür? Cəmiyyət də təbiətin bir hissəsidir, kataklizmlər burda da olur. Elə bunlara görə prokurorluq və polis fəaliyyət göstərir.

Təhsildə rüşvət

- Rüşvətdən söz düşmüşkən, universitetlərdə rüşvətin kökünü kəsmək üçün nə etmək lazımdır?

- Birinci, mənim boynuma qoymayın ki, rüşvət var, uşaqlarım təhsil alanda rüşvət verməyiblər. Özüm də İdarəçilik Akademiyasında dərs deyirəm, rüşvət də almıram. Yenə gəlirik, cəmiyyət məsələsinə, neqativlərdən və pozitivlərdən ibarətdir toplumumuz, ola bilər dedikləriniz var. Amma test imtahanları da var. Vaxt gələcək adamlar diplomun yox, biliyin əsas olduğunu başa düşəcəklər. Bunu biləndən sonra niyə rüşvət verib diplom almalıdlrlar?

- Bəlkə sualı belə qoyaq: niyə rüşvət istəməlidirlər?

- O cür də qoymaq olar, amma müəllimlər də seçilməlidir.

- Müəllimlərin maaşları yüksək olsa, yenə rüşvət alarlarmı?

- BDU-da müəllim min manat maaş alır.

- O zaman nə üçün rüşvət də alır?

- Mən onu deyə bilmərəm. Çünki nəvəm BDU-nu bitirib, amma rüşvət verməyib, özüm də orada dərs demişəm. İddia etmirəm ki, hər şey idealdır, dedikləriniz ola bilər. Ancaq uşaqlarımıza da anlatmalıyıq ki, ağıl olmayan yerdə diploma ehtiyac yoxdur.

- Təhsil müəssisələrində rüşvətin olmasında günahkar kimdir: məmurlar, müəllimlər, yoxsa tələbələr?

- Gəlin, hamısını günahkar hesab edək, əgər varsa. Birincisi valideyn günahkardır.

- Niyə məhz valideyn?

- Ona görə ki, uşağını oxutmalıdır, qabağına düşməməlidir, qoy, övladı özü əziyyət çəksin, alınmasa, gedib qaynaqçı olsun. Mən öz uşaqlarımı elə böyütmüşəm ki, biri 14 yaşından işləməyə başlayıb və özünə şərait qurub.

- Azərbaycanda adambaşına düşən sosial müdafiə xərcləri Sizi razı salırmı?

- Azərbaycanda sosial müdafiəyə cəlb olunan qruplar dünyanın bütün ölkələrindən birincidir. Azərbaycanda 34 qrup insan sosial müdafiəyə cəlb olunub. İkinci, əhalinin sayına görə sosial müdafiəyə cəlb olunanlar faiz etibarıyla başqa ölkələrdən çoxdur. Amma maliyyə həcminə gələndə, mən də razıyam ki, həmin pul kef etmək üçün deyil. Müavinət nədir, dəstəkdir.

- Azərbaycanda idmanın inkişafına adambaşına 200 avrodan bir qədər çox vəsait ayrılmasını necə izah edərdiniz? Bəzi Avropa ölkəsində bu 90 avrodur.

- Bəlkə gələn il Avropa idman yarışlarına görə bu cür ayrılma var, dəqiq bilmirəm. Amma bütövlükdə elmə də qayğı var, elmlə bağlı tədbirlər keçirilir.

- Alimlər isə çox narazıdırlar...

- Yaxşı alim yaxşı maaş alır, yaxşı həkim yaxşı dolanır, o cümlədən, yaxşı müəllim.

- Repititorluğun hesabına yaxşı dolanmırlarmı?

- Qoy olsun repititor, valideynlər uşaqlarını yalnız ağıllı müəllimlərin yanına göndərmirlərmi?! Mən sizinlə razıyam, düşünürəm ki, müəllimin, alimin maaşı yüksək olmalıdır, bu qrup insanların əməkhaqqında gərək xəsislik etməyək. Prezidentin də tələbi budur, vəzifə kimi maliyyə orqanlarının qarşısında qoyub. Ola bilər, “Elm haqqında” qanunda məsələ öz əksini tapsın. Bütövlükdə pedaqoji fəaliyyətlə məşğul olanların əməkhaqqı yüksək olmalıdır.

- Ötən il dekabrın 3-də yanacağın qiyməti bahalaşdı. Artıma səbəb yanacağa tətbiq edilən aksiz vergisinin dərəcəsinin artırılması oldu. Məsələn, Aİ 95 benzini üzrə aksiz vergisi 101%-dən 159%-ə qaldırıldı. Sonra Nazirlər Kabinetinın 6 fevral tarixli qərarı ilə aksiz vergisi, məsələn, 159%-dən 65%-ə endirildi. Yəni hətta dekabrdakı səviyyədən də aşağı. Amma benzinin qiyməti aşağı düşmədi. Millət vəkili kimi bu addımı necə dəyərləndirirsiniz? Axı qiymət artımı birbaşa əhalinin sosial vəziyyətinə təsir göstərir...

- Bu məsələyə iki cür yanaşma var: birinci populist yanaşma, mən də onlara qoşulub nəsə deyə bilərəm. Amma məsələyə professor kimi yanaşıram, Azərbaycanda neft gəlirlərinin azaldığını bilirsiniz, 2019-cu ildə qaz istehsalı artacaq və balans düzələcək. Neft gəlirlərinin azalması büdcəmizdə öz əksini tapıb, son 3 ildə Neft Fondundan büdcəyə dotasiyanı azaltmışıq. Bu il üçün Neft Fondundan büdcəyə daxil olma 3 milyard manat azalıb. Bu, nəylə dolmalıdır?

- Deməli, qeyri-neft sektoru inkişaf etdirilməliydi?

- Birinci odur, ikinci, vergi sistemində, sosial sığortada islahatlar aparılmalıdır. Həm də 2007-ci ildən qiyməti artmayan yanacağın qiyməti dünya bazarındakı qiymətlərə uyğunlaşdırılmalıydı. Bildiyiniz kimi bəzi neft məhsullarını xaricdən almalıyıq.

- Ancaq əhali Nazirlər Kabinetinin 6 fevral tarixli qərarını xatırladaraq benzinin qiyməti niyə aşağı düşmədiyini sual edir...

- Benzinin ucuzlaşması mümkün deyil, bu, olmayacaq. Amma zaman-zaman imkanlar artacaq, əməkhaqlarında dəyişiklər olacaq, bazarda bəzi qiymətlərin enməsi istiqamətində real addımlar atılacaq. Yəni real gəlir azalmasın.

1000 manatlıq telefon

- Axı Azərbaycan əhalinin gəlirləri ilə müqayisədə yanacağı ən baha satan ölkədir, Norveçi misal gətirə bilərəm...

- Məsələni başqa cür qoyaq, norveçlinin ev kirayəsi ilə bizdəki ev kirayəsi, norveçlinin bazarda aldığı göyərtilə bizim göyərti qiymətləri fərqlidir.

- Amma onlarda əməkhaqqı da çoxdur...

- Həmin əməkhaqqının 40 faizini ev kirayəsi verir. Yaxşı, mən razıyam səninlə, maaşları qaldıraq, nə var bunu etməyə. Bunu edəndə sabahısı bazarda qiymət artacaq.

- Hadı müəllim, bu məqam bəhanə deyilmi, olmazmı vergi islahatına gedilsin, baxın, ölkədə vergilər daha çox paytaxt və ətraf rayonlardan toplanır...

- Məntiqidir və razıyam.

- Bəs son 10 ildə regionların sosial-iqtisadi proqramı necə həyata keçirildi ki, vergilər daha çox paytaxtdan toplanır?

- Azərbaycanda iqtisadiyyat, sənaye daha çox Bakıda cəmləşib. Əlbəttə, çalışırıq ki, regionlarda kənd təsərrüfatına güzəşt olsun. Dünyanın bütün ölkələri belədir, regionlar dotasiya ilə yaşayır, amma gəlirlər daha çox şəhərdən yığılır.

- Həmin proqramın işlənməsinə 50 milyard xərclənib. Bəs nəticəsi hardadır?

- Məntiqidir, tədricən bu məsələlər də həllini tapmalıdır. Bu gün kənd təsərrüfatı ən qeyri-rentabelli sahədir. İranda da kənd təsərrüfatına subsidiya verilir.

- Sizə elə gəlmir ki, idmana kənd təsərrüfatından daha çox vəsait ayrılır?

- Mən Sizinlə razı deyiləm, bu il və gələn il idmana daha çox vəsait ayrılırsa, bunlar itməyəcək. Vaxtilə yollara daha çox pul xərcləndiyini deyirdilər, indi xərclənmir ki.

- Amma bu gün də bir çox yollar bərbad durumdadır, şaxtalı havada bu ozünü bir daha göstərdi...

- O zaman yollar təmir olunmasaydı nə olardı?

- Nəticə dəyişmədi ki...

- Yox, dəyişdi, Siz onu hiss etmədiniz. Bizim maşınlar artır, güzəran yaxşılaşır.

- Güzərandan söz düşmüşkən, mən Statistika Komitəsinin məlumatına istinad edəcəm, bildirilir ki, əhali gəlirlərinin 65 faizini ərzağa xərcləyir. Bahali şəhərlərlə eyni pillədə durduğumuz ölkələrdə bu göstərici 35 faizi keçmir. Sizcə, bu yoxsulluq səviyyəsi deyilmi?

- Bu da bir göstəricidir, amma mən o rəqəmlə bir az razı deyiləm, 65 faiz çox göstərilib. Bütün ölkələrdə yaşayış minimumu tapmaq üçün nə edirlər, insanın ərzağa, geyimə ehtiyacını hesablayırlar, həm də mədəni-kütləvi tədbirlərdə iştirakını. Bu balansda yemək həmişə 50 faizdən yüksək olur. Amma bir sıra ölkələrdə əməkhaqqı ev kirayəsinə, istirahətə və başqa kreditlərə gedir.

- Azərbaycanlılar isə istirahət etmək imkanında deyillər...

- Yox. Bizdə istirahət etmək mədəniyyəti aşağıdır. Övladına min manata telefon ala bilir, ancaq 100 manatlıq istirahətə göndərmir. Bütün hallarda biz bir həqiqətə gəlirik: Azərbaycanda güzəran yaxşılaşıb.

- Necə yaxşılaşıb ki, insanlar özlərini öldürürlər?

- Həmişə öldürüblər də...

- Təsəvvür edin ki, yanvarın 26 günündə 26 nəfər özünü öldürüb...

- Həmişə belə şey olub, sadəcə, səs-küyə salırıq. Dünyanın hansı ölkəsində intihar halları çoxdur?

- Yəqin ki, Skandinaviya ölkələrini deyəcəksiniz...

- Bəli. Məgər, onlar kasıblıqdan özlərini öldürür? Baş verənlərdə televiziyaların da günahı var. Maarifləndirmə işləri aparmalıdırlar.

- Telekanalların fəaliyyətindən razısınızmı?

- Yox, razı deyiləm. Az.Tv-nin siyasəti birmənalıdır, dövlətin siyasətidir. Amma digər televiziyalar da düzələcək, zamana ehtiyacı var. Qəzetlərimizin bir zamanı vardı, yadınızdan çıxıb, indi saytlarımız o gündədir, nə istəsələr yazırlar. Bir həqiqət var: niyə biz yaxşını görməyək? Bəli, cəmiyyət nöqsansız olmaz, amma bunu elə qələmə verirlər ki.

- Hadı müəllim, prezident hər müşavirədə məmurların inhisarçılığına toxunsa da, inhisarçılıq artır və heç kim cəzalandırılmır, səbəb nədir?

- Əvvəla, mən inhisarçılığın artması fikrinin tərəfdarı deyiləm. ASAN xidmət yaradılıb, bu da prezidentimizin istəyidir, istəməsəydi yaratmazdı da. Biz səbəblə mübarizə aparmalıyıq, nəticə ilə yox. Siz deyirsiniz ki, hamısını həbs edək.

- Xeyr, mən o cür demirəm, əksinə, qanunu pozanların cəzalandırılmasından danışıram...

- Məgər, cəza yoxdurmu?

- Ən yüksək həbs prosesi rayon hərbi komissarlığından o tərəfə keçmir...

- Hərbi komissar kiçik vəzifədir? Nazir müavini də, idarə rəisi də həbs olunub. Ötən il Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində 12 nəfər həbs edildi. Amma mən kütləvi həbsin tərəfdarı deyiləm, bu, məsələnin həlli deyil. Hətta mənim dostum, xüsusi hörmətim olan Səlim Müslümov o sistemdə kütləvi adamları işdən azad edəndə, düz olmadığını deyib razılaşmadım. Adamın günahı nə idi, göstəriş verirdilər, o da edirdi.

- Yəni göstəriş verirdilər ki, rüşvət al?

- Elə olub da. Yoxsa niyə alırdı və ya niyə “göz yumurdu”? Bəs Səlim Müslümov niyə “göz yummur”? Niyə o sistemdə qismən dəyişiklik var? Əksər hallarda həmin adamlar işləyirlər, sadəcə, tələbat başqadır.

"Allah cəzalandıracaq"

- İpoteka aztəminatlı ailələrə əlçatanlıq aşağı oldu, bəlkə burada siyasəti dəyişmək lazımdır? Məsələn, Avropada geniş yayılmış "sosial evlərin" tikintisi, hökumət ayrıca şəhərcik salıb orada gənclərə aşağı qiymətə kirayə mənzil versin və ya uzun müddətli faizsiz kreditlər satışını həyata keçirsin, mümkün deyilmi?

- Bu məsələ ilə razıyam. Milli Məclisdə YAP icra katibi Əli Əhmədov cənabları və mən illərdir gənc ailənin sosial müdafiəsi qanunu barədə danışmışıq. Birinci məsələ kimi nigaha girənlərə faizsiz kreditlə mənzil verilməsini qoymuşuq.

- Ancaq Milli Bank istehlak kredit şərtlərini ağırlaşdırdı...

- Biz onu dəyişmək istəyirik. Bilirsiniz, 2 səbəbdən mümkün deyil, faizlər ona görə yüksəkdir ki, qaytarmaq ehtimalı zəifdir, banklar risk etmirlər. İkinci, büdcədən bu məqsədlərə xüsusi vəsait ayrılmalıdır. Sizinlə razıyam ki, biz mənzillə bağlı “Sosial ipoteka haqqında” qanun hazırlamalıyıq və gənc ailələrə güzəştli, faizsiz, uzunmüddətli kredit verilməlidir. Bunun üçün sahibkarların da, dövlətin də vəsaitindən istifadə edə bilərik. Bu məsələ gündəmdədir.

- Bir vaxt İdman və Gənclər Nazirliyi bu təşəbbüsü irəli sürdü, amma ideya arxivə getdi...

- Yox, arxivə getmədi, gündəmdədir. Bilirsiniz, biz həmişə bu barədə danışa bilərik, amma reallıqları da nəzərə almalıyıq. Yəni büdcənin imkanları, prioritetləri.

- Bir sıra iqtisadçılar sual edir ki, niyə büdcədən korrupsiya xarakterli infrastruktur layihələrinə milyonlar ayıran hökumət bu sosial layihəni dəstəkləmədi?

- Mən bu fikirlər tam razı deyiləm. Səmimi danışaq, bu demaqoq söhbətidir, axı, bu nə söhbətdir, korrupsiya məqsədli layihələr?! Nə bilirlər ki, bu cür layihələr korrupsiya olacaq?

- Amma sonradan araşdırma aparanda ortalığa faktlar çıxır...

- Nə olsun, hər hansı tikintidə korrupsiya elementi tapa bilərsən.

- Və buna görə heç kim cəzalandırılmır...

- Kim deyir onu, cəzalandırılan da var. Gəlin, söhbəti belə yekunlaşdıraq: Allahdan böyük hakim yoxdur. O adamlar ki, kiminsə boğazından tikə kəsib zülm edirlər, Allah onları cəzalandıracaq.