Prezident Əliyev: "Rusiyadan gözləntimiz odur ki, Ermənistanı silahlandırmasın"

Prezident İlham Əliyev

Şəklin mənbəyi, Azertag

Bakının "Rusiyadan gözləntisi odur ki, Ermənistanı silahlandırmasın".

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Bakıda CNN Türk kanalına müsahibəsində söyləyib.

"Gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir", - İlham Əliyev vurğualayıb.

Azərbaycan prezidenti xatırladıb ki, bir neçə gün bundan əvvəl "Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır."

"Bu, çox narahatedici bir məsələdir", - İlham Əliyev deyib.

"Biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur", - Azərbaycan Prezidenti vurğulayıb.

Əliyev qeyd edib ki, "Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır."

"Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın", - Azərbaycan prezidenti qeyd edib.

"Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin", - İlham Əliyev vurğulayıb.

Əliyev qeyd edib ki, "bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib."

"Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir", - Azərbaycan prezidenti deyib.

"Ermənistan yeni müharibəyəmi hazırlaşır?"

Azərbaycan prezidenti CNN Türk kanalına müsahibə verib

Şəklin mənbəyi, Azertag

İham Əliyev vurğulayıb ki, "Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz."

"Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir, - Əliyev deyib, - Təəssüf ki, bu günə qədər bu davam edir."

"Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik", - Azərbaycan prezidenti qeyd edib.

Prezident Əliyev hesan edir ki, "buna son qoyulmalıdır."

"Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır? Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik", - Əliyev xəbərdarlıq edib.

"Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik", - Azərbaycan prezidenti deyib.

İlham Əliyev eləcə də qeyd edib ki, Laçın dəhlizi Şuşadan yaxşı görünür və Azərbaycan "Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri" izləyir və Xankəndiyə gedən "avtomobillərin və insanların sayını dəqiqliyi ilə" bilir.

"Bizə yeni müharibə lazım deyil"

Azərbaycan prezidenti CNN Türk kanalına müsahibə verib

Şəklin mənbəyi, President.az

"Biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil", - Azərbaycan Prezidenti deyib.

Prezident Əliyevin sözlərinə görə, Bakı "Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları" sayır.

"Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır", - Əliyev vurğulayıb.

"Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır", - Prezident Əliyev qeyd edib.

Əliyev əlavə edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir "və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır, bu gün Bakıda erməni var."

Əliyev: "Ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq"

Azərbaycan prezidenti CNN Türk kanalına müsahibə verib

Şəklin mənbəyi, President.az

Prezident Əliyev xatırladıb ki, müharibə dövründə dəfələrlə deyirdi ki, "Paşinyan özü mənə tarix versin, təqvim versin ki, nə zaman bizim torpaqlarımızdan rədd olur, həmin gün biz müharibəni dayandıraq."

"Belə də oldu, 9 noyabrda o tarixi verdi, 10 noyabrda gecə kapitulyasiya aktı, yəni, təslim aktı imzalandı", - Əliyev deyib.

"Biz dayandıq, yenə də sözümüzə əməl etdik və dərinə getmədik. Yəni, ermənilərdən fərqli olaraq biz etnik təmizləmə aparmadıq, hərbi cinayət törətmədik, müharibəni ləyaqətlə apardıq, mülki şəxsləri vurmadıq, - Azərbaycan prezidenti söyləyib. - Hətta erməni əsgərlərini lazımsız yerə məhv etmədik."

Prezident Əliyev davam edib: "Müharibədən bir ay sonra böyük bir təxribat qrupu bizim torpağımıza göndərilmişdi. Onlar həbs olundu, halbuki məhv edilə bilərdilər. Çünki onlar bizim 4 hərbçimizi öldürdülər, amma biz onlara dəymədik. Yəni, müharibənin öz qanunları var və hər şey gərək ləyaqətlə olsun."

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə uzunmüddətli sülh gələcək"

"Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın, - Prezident Əliyev deyib, - Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi başlasın."

Azərbaycan Prezidenti Bakının "bu günə qədər Ermənistandan müsbət cavab" alınmadığını vurğulayıb: "Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir."

Prezident Əliyev deyib ki, "bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar."

"Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq", - İlham Əliyev söyləyib.

"Əgər Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir", - Əliyev vurğulayıb.

Azərbaycan prezidenti yolların açılmasının, Zəngəzur dəhlizinin yaradılmasının Ermənistanın da maraqlarına cavab verdiyini qeyd edib.

"Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq", - Əliyev bildirib.