İlham Əliyev və Nikol Paşinyanın Euronewsa müsahibələrində sülh barədə nə deyilir?

Əliyev-Paşinyan

Şəklin mənbəyi, Euronews

Çərşənbə axşamı Euronews telekanalı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda etdiyi müsahibələrini yayımlayıb.

İlham Əliyev müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh danışıqları haqda suala cavab verərkən bildirib ki, “ola bilər ki, bu ilin sonuna kimi sülh məsələsi həllini tapsın”.

“Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur və Ermənistanın da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoyarsa və konstruktiv yanaşma göstərərsə, ola bilər ki, bu ilin sonunadək iki ölkə arasında sülh varinatı tapılsın”, Prezident qeyd edib.

İlham Əliyev deyib ki, Azərbaycan tərəfi üçün sülh danışıqlarının “Rusiya və ya Qərb dövlətləri tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi böyük fərq etmir”.

“Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik. Çünki bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir. Əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq”, o deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da oxşar suala cavabında “əslində, Azərbaycanla Ermənistan arasında sülh üçün mütəmadi olaraq müxtəlif tərəflərdən təkliflər gəldiyini” deyib.

“Lakin mən indi məmnuniyyətlə qeyd etməliyəm ki, deyəsən, artıq vurğuda müəyyən dəyişikliklər var. Bu dəyişiklik isə belədir: biz müxtəlif tərəflərdən sülh prosesinə müsbət yanaşan istənilən platformanı alqışladıqları və alqışlayacaqları barədə bəyanatlar eşidirik. Və bu, çox vacibdir”, Paşinyan bildirib.

Ermənistanın Baş naziri həmçinin, “tərəflər arasında sülhün baş tutmasının mütləq” olduğunu vurğulayıb.

“Bu, mənim yanaşmam və inancımdır. Lakin sülh prosesinin niyə ləng getməsinin səbəbini anlamaq üçün beynəlxalq ictimayyət bəzi nüanslardan xəbərdar olmalıdır”, Ermənistanın Baş naziri bildirib.

Azərbaycan və Ermənistan liderlərinin sülhlə bağlı sonuncu görüşü iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Charles Michel-in iştirakı ilə baş tutub.

Həmin görüşdən sonra Charles Michel jurnalistlərə “gündəlikdəki bütün məsələləri- suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar ləvazimatlar, hüquqlar və təhlükəsizlik, məhbuslar və hadisələrin izlənilməsi məsələlərini" müzakirə etdiklərini açıqlayıb.

Paşinyan Euronews-a müsahibəsində Charles Michellə sonuncu görüşlərini şərh edib.

“Həmin görüşdə biz İlham Əliyevlə Ermənistanın ərazisinin 29.800 km2, Azərbaycanın isə 86.600 km2 olması ilə bağlı razılığa gəldik. Bu görüşdən sonra Charles Michel bu haqda ictimayyətə açıqlama verdi, daha sonra isə erməni jurnalistlərin suallarını cavablandırarkən mən də ictimai şəkildə bu faktı təsdiqlədim. Lakin Azərbaycan Prezidenti hələ də ictimai olaraq bu faktı təsdiqləməyib. Doğrudur, təkzib də etməyib. Lakin bu, müəyyən etibarsızlıq yaradan nüansdır” Ermənistanın Baş naziri bildirib.

İlham Əliyev müsahibəsində Qarabağda yaşayan ermənilərlə bağlı danışarkən deyib ki, “onlar Azərbaycanda qalmaq və ya getməklə bağlı seçim etməlidirlər”.

“Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan, ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur”, İlham Əliyev bildirib.

İlham Əliyev həmçinin, Qarabağdakı ermənilərə müraciət edərək “onların qondarma liderlərinin arxasınca getməməli olduğunu” bildirib.

“ Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə, yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər”, Prezident qeyd edib.

Paşinyan Qarabağ erməniləri haqda danışarkən söyləyib ki, “Ermənistanla Azərbaycanın Bakı ilə “Dağlıq Qarabağın” paytaxtı və əsas şəhəri olan Stepanakert arasında beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq aparılması haqda razılaşması var”.

“Lakin bu dialoq hələ də yoxdur. Buna baxmayaraq, biz ardıcıl işləməliyik. Heç kim sülhə nail olmağın asan olacağına söz verməyib. Əgər asan olsaydı, sülh çoxdan bərqərar olardı”, o bildirib.

Nikol Paşinyan Laçın dəhlizi ilə bağlı suala cavabında deyib ki, “Azərbaycan Prezidenti tərəfindən də imzalanmış üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağın Ermənistanla əlaqəsinin təmin edilməsinə yönələn Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində olmalıdır”.

“Lakin bura Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb” , o qeyd edib.

Azərbaycan Prezidenti isə bildirib ki, Laçın yolunda “hazırda da hərəkət etmək azadlığı bloklanmayıb”.

Daha sonra İlham Əliyev bu yol ətrafında baş verənləri “Ermənistanın bir neçə dəfə təxribata əl atmasının nəticəsi” kimi qiymətləndirib.

İlham Əliyev həmçinin, deyib ki, sülh danışıqlarının ardının təşkili üçün ötən ay Rusiya tərəfindən təklif alıb və bu təklifi qəbul edib.

Paşinyan isə hələlik Rusiyadan belə bir təklif almadığını bildirib.