image-2000x150
image-52d341b4efde2c763ea953da84d6e08cbackend

Əbülfəs Qarayev suçu həbsdəkilərin üstünə atdı – sabiq nazirin unutduğu faktlar…

image-728x90

Hüquqşünas: “Əbülfəs Qarayevin yaddaşı qısa ola bilər, Azərbaycan cəmiyyəti bunları unutmayıb axı!”

“Fəaliyyətim dönəmindəki qanun pozuntuları ilə bağlı elə qanun çərçivəsində qiymət verilib”. Bunu jurnalistlərə açıqlamasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev fəaliyyəti dövründəki nöqsanlarla bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, günahkarlar öz cəzasını çəkiblər: “Bu, təbii prosesdir. Ölkədə bu cür məsələlərlə bağlı mübarizə gedir”.

Keçmiş nazir indi müəllim kimi fəaliyyət göstərir: “Baş verən yenilikləri də izləyirəm. Əminəm ki, yeni təyin olunmuş şəxslər buna layiqdirlər və onlar var qüvvə ilə çalışmalıdırlar. İndiki dövrdə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün işlər görülməlidir”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Qarayevin sabiq müavini Rafiq Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq nazir müavinin ibtidai istintaqda verdiyi ifadələr o zaman mediada ciddi reaksiya doğurmuşdu. O, istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və ona şəxsən verdiyini qeyd etmişdi. O, konkret faktlarla “otkat”larla bağlı məlumatları istintaqla bölüşmüşdü.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da sabiq nazir haqda faktlar açıqlamışdı.

Z.Sultanov istintaqa ifadəsində deyib ki, aldığı rüşvətin böyük əksəriyyətini sabiq nazir Əbülfəs Qarayevə verib. Zakir Sultanov mədəniyyət abidələri və binalarının təmir-tikintisi üçün tenderdə qalib olmaq istəyən şirkətlərdən aldığı pulları keçmiş nazirin xidməti otağında Ə.Qarayevə şəxsən təqdim edib. Z.Sultanovun ifadələrinə əsasən, Ə.Qarayevə verdiyi pulların ümumi məbləği 2,5 milyon manatdan çox olub. İndi Əbülfəs Qarayev deyir ki, fəaliyyəti dönəmindəki qanun pozuntuları ilə bağlı qanun çərçivəsində qiymət verilib. Bu, həqiqətən də belədirmi?

Məmurluqdan dələduzluğa gedən yol - “çiçəklənən” cinayət

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, sabiq nazir Azərbaycan məhkəmə-hüquq sisteminə, bu sistemin necə işləməsinə çox yaxşı bələd olduğundan bu cür açıq danışır, cəmiyyətə meydan oxuyur: “Əbülfəs Qarayev 1994-cü ildə gənclər və idman naziri vəzifəsində çalışıb. İllər ərzində nazirliklərin quruluşu dəyişdikcə gənclər, idman və turizm naziri, mədəniyyət və turizm naziri, son olaraq isə mədəniyyət naziri vəzifəsində çalışıb. 2020-ci ildə vəzifəsindən bıabırçı şəkildə çıxarılanda təkcə kino sahəsinə ayrılan 8 milyon manatın hesabı ondan qanuni şəkildə tələb olunsaydı, bu gün Əbülfəs Qarayev belə danışmazdı.  Xatırlayırsızsa, Əbülfəs Qarayev vəzifədə olduğu günlərdə maliyyə naziri Samir Şərifov Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı demişdi ki, kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Nazir açıqlamışdı ki,  əvvəllər bu istiqamətdə ildə 8 milyon manata yaxın vəsait ayrılıb. Nazir birbaşa ittiham etməsə də, dolayısı ilə kino sahəsinə ayrılan vəsaitlərin “yeyilməsi” mesajını vermişdi. Demişdi ki, hər il ayrılan 8 milyon manat 1 milyon 500 min manata endirilib: “Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1 milyon 5 min manata kino çəkmək çətindir. Amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”. Samir Şərifov dolayısı ilə kino sahəsinə ayrılan milyonların hər il mənimsənildiyinə işarə etmişdi. Kino çəkilişi üçün hər il büdcədən ayrılan kifayət qədər böyük məbləğin  – 8 milyon manatın birdən-birə 6 milyon 500 min manat kəsilməsi əsassız olmayıb. Maliyyə naziri Milli Məclisdə kinoya ayrılan pulların səmərəsiz xərclənməsindən danışarkən, Mədəniyyət Nazirliyinin kabinetlərində böyük rüşvət və korrupsiya cinayətləri törədilirdi. Əbülfəs Qarayevin müavini pul yığır, “otkat” alırdı. Bu gün Qarayev özünü bütün bunlardan xəbərsiz kimi göstərir? Axı həbsə alınan müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanov DTX kameraları qarşısında konkret faktlar açıqladılar. Əbülfəs Qarayevin yaddaşı qısa ola bilər, Azərbaycan cəmiyyəti bunları unutmayıb axı!”

Günahkarlar cəzalarını çəkib” - Əbülfəs Qarayev

Əbülfəs Qarayevə

Hüquqşünas Əbülfəs Qarayevə məsləhət bilib ki, tutulan müavini və idarə rəisinin ittiham aktını oxusun: “Hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər. Əbülfəs Qarayevin baş verənlərdən xəbəri olmayıbsa belə, bu halda da o məsuliyyət daşıyır. Çünki dövlət bu sahəni ona etibar edib, hər il dövlət büdcəsindən – Azərbaycan xalqının cibindən milyonlarla pulu Əbülfəs Qarayevin sərəncamına verib ki, mədəniyyət sahəsi inkişaf etdirilsin. Bunun əvəzində dövləti baxımdan da çox böyük mədəniyyətsizlik edilib, pulları oğurlayıblar. İndi də Əbülfəs Qarayev verdiyi açıqlama ilə faktiki olaraq “oğurlamışıq, yaxşı eləmişik” deyir. Bunun bir cavabı olmalıdır”.

Hüquqşünas deyib ki, korrupsiyaya bulaşmış məmurun həbs edilməməsi çox ciddi problemlərin əsasını qoyur: “Nazirlikdə, komitədə və digər dövlət qurumunda 10 milyonlarla ölçülən korrupsiya faktı varsa, ilk olaraq həmin qurumun rəhbəri istintaqa cəlb olunmalı, barəsində həbs qərarı verilməlidir. Amma Azərbaycanda çox biabırçı ənənə yaranıb. Az qala nazirliyin qapıçısını da həbs edirlər, nazir qalır kənarda. Mədəniyyət Nazirliyində keçirilən antikorrupsiya əməliyyatında belə bir yanlış praktikadan istifadə olundu”.

Hüquqşünasın sözlərinə görə, xarici təcrübədə də belə hallar var ki, kimsə gəlib vurduğu zərəri ödəyirsə, istintaqla əməkdaşlığa gedirsə, barəsində həbs-qətimkan tədbiri seçilmir: “Əbülfəs Qarayevin həbsi üçün kifayət qədər əsaslar var. Mədəniyyət Nazirliyindəki korrupsiya cinayətləri məhkəmə qərarlarında əksini tapıb. Artıq ittihamlar Azərbaycan məhkəməsinin hökmü ilə təsdiqini tapıb. Yəni Əbülfəs Qarayevin rəhbərliyi altında mədəniyyət sahəsinə dövlət büdcəsindən ayılan milyonların oğurlanması faktları ortadadır.

Zakir Sultanov 5 milyon manatdan artıq büdcə vəsaitini dövlətə qaytarıb. Ona görə də iş üzrə yeni həbslərin olması üçün çox ciddi əsaslar yaranıb. İndi üzə çıxır ki, Əbülfəs Qarayev nazir olanda Xorvatiyada üçulduzlu,  üçmərtəbəli “Amfiteatr” hotelini 1 milyon avroya alıb. Həmin pul Azərbaycan dövlətinin, Azərbaycan xalqınındır. Azərbaycan mədəniyyətindən oğurlanıb. İstintaq bu məsələni araşdırmalıdır”.

Hüquqşünas deyib ki,  Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinə rəhbərlik  edərkən orada böyük korrupsiya cinayətləri baş verib: “O nazir olaraq hara baxırdı? Dogrudanmı, Əbülfəs Qarayevin baş verənlərdən xəbəri olmayıb? Kiminsə nazirin rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olmasına inanacağını gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Əbülfəs Qarayev də istintaqa cəlb olunmalı, həbsi gerçəkləşdirilməlidir. Azərbaycan xalqından oğurladığı hər qəpiyə, manata görə cavab verməlidir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90