2 İyun 2015 19:51
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT-nin Ümumdünya Turizm Təşkilatının ötən ilin oktyabrında Səmərqənddə keçirilən iclasında Azərbaycanın təklif etdiyi qətnamə bu ilin mayın 28-29-da Xorvatiyada keçirilən iclasda qəbul edilib. Azərbaycanın BMT-yə təqdim etdiyi “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması" layihəsi bizi ən çox narahat edən məsələnin həllinə böyük dəstək oldu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Gənc Tamaşaçılar Teatrında jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

O qeyd edib ki, bu vaxta qədər hər hansı ölkədə turizm sərgisi keçiriləndə “qonşumuz” Qarabağı öz ərazisi kimi təqdim, səfərlər təşkil edirdi: “Bu isə Azərbaycanın ərazi bütövlüyünə zidd hərəkətdir. Artıq onlar bu işi həyata keçirə bilməyəcəklər. Düzdür, biz səfirliklər və digrə diplomatik yollarla bunun qarşısını müəyyən qədər alsaq da, bəzən bunu edə bilmirdik. BMT-ya müraciət edərkən bu məsələnin yalınız Azərbaycan deyil, digər münaqişə zonaları üçün də vacib olduğunu bildirmişdik. Bu məsələ müstəqil təşkilat olan Etika Komitəsinin sərəncamına verildi. Ötən ilin noyabr ayında Komitənin Romada keçirilən iclasında qərar qəbul edildi ki, turistlərə yanlış məlumat verilməsi Etik Kodeksin pozulmasıdır. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasının qərarına ziddir. Bu təklifimiz böyük müqavimətlə qarşılaşdı. Əlbəttə, bu, Ermənistan tərəfinin irəli sürdüyü iddia idi”.

Nazir qeyd edib ki, ermənilərin etirazına baxmayaraq, qəbul edilən qərar bundan sonra Qarabağda tədbir təşkilatçılarana öz etirazımızı bildirməyə əsas verir: “Hesab edirəm ki, bu, turizm və digər humanitar məsələlərdə ilk dəfədir ki, BMT-nin Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı qəbul etdiyi qətnamələrinin işə salınmasıdır. Bu qərar həmin qətnamələrin icra mexanizmi yolunu göstərmiş oldu. Sabah hər hansı turist təşkilatı Qarabağa turist səfəri təşkil edərsə, həmin turistin başına gələcək hadisəyə görə, məsuliyyət həmin təşkilatın üzərinə düşür. Çünki bu qərar bu məsələyə aydınlıq gətirir. Bu qərarı pozanlar özləri məsuliyyət daşıyır. Bununla da Azərbaycan dünya turizminə öz tövhəsini verdi".


Nərmin


Müəllif: