"Ramiz Mirzəyevin AFFA prezidenti olduğu dönəmdə İtaliyada məşqçilik kursuna qatılmışdıq" - MÜSAHİBƏ

17:13 - 5 May 2023

Azərbaycan futbolunun problemləri haqda danışarkən müxtəlif məqamlara toxunuruq. Futbolda vacib olan məsələlərdən biri də məşqçilərin maariflənməsidir. Bunun üçün onların mütəmadi olaraq ölkə xaricində seminarlar, kurslar keçməsi vacibdir. Təəssüf ki, hazırda AFFA tərəfindən bu istiqamətdə demək olar ki, heç bir iş görülmür. Lakin keçmişdə federasiya məşqçiləri müxtəlif ölkələrə seminarlara, təlimlərə göndərirdi. Həmin mütəxəssislərdən biri də vaxtilə "Turan Tovuz" akademiyasında çalışmış Həsən Əhmədovdur. Həsən müəllim də daxil olmaqla bir neçə məşqçi 2004-cü ildə AFFA tərəfindən İtaliyaya seminara göndərilmişdi. 

Həsən Əhmədov Azərbaycan futboluna bir çox tanınmış simaları da bəxş edib. Onun tələbələri arasında Amil Yunanov, Vurğun Hüseynov, Cavid Tağıyev, Rəhman Hacıyev kimi futbolçular var. Təcrüəbli mütəxəssislə əlaqə saxladıq. O, Sportal.az saytına müsahibəsində həm illər öncəki İtaliya səfəri, həm də Azərbaycanda uşaq futbolunun problemləri haqda danışıb:

- Eşitmişik ki, 19 il əvvəl İtaliyada məşqçilik seminarında iştirak etmişdiniz. Həmin səfər haqda məlumat verə bilərsiz?

- 2004-cü ildə Ramiz Mirzəyevin AFFA prezidenti olduğu dönəmdə İtaliyada 8 günlük məşqçilik kursuna qatılmışdıq. Gənc mütəxəssis idim, rus dilini bilirdim. Həm də U-13 liqasında ilk dördlükdə olan perspektivli məşqçi kimi məni göndərmişdilər. Gözəl səfər idi. Uşaq futbolu haqda yeni məlumatlarımız oldu. Orada əsasən uşaqlarla davranış, uşağa yanaşma prinsiplərindən danışırdılar. İtaliyada olarkən uşaq futbolu haqda bazamızı yenilədik.

- Bu səfərdə nələr öyrəndiniz?

- Seminarda bizə Marçelo Lippi və digər təcrübəli məşqçilər dərs deyirdi. Biz qaldığımız yer uşaq futbol akademiyası idi. Orada təcrübəli mütəxəssislər bizə ayrı-ayrı mövzularda dərs keçirdi. Bir dəfə tərcüməçidən soruşdum ki, burada gənc mütəxəssis yoxdur? Onun cavabı belə oldu ki, burada futbolda ad qazanmamış adamı uşaq futbol akademiyasına yaxın buraxmırlar. İtaliya futbolundakı ideyaya fikir verin. Futbolda gərək nələrsə edəsən ki, akademiyalarda uşaqlarla işləyəsən. Gənc mütəxəssisləri əsasən klublara cəlb edirlər. Orada praktika yığıb, təhsillərini, təcrübələrini artırdıqdan sonra akademiyalara cəlb edirlər.

- Belə kursların əhəmiyyəti barədə nə deyə bilərsiz?

- Kurs məşqçinin biliyini təkmilləşdirmək üçündür. Uşaqlarla işləyən hər bir məşqçinin bilik bazası olmalıdır. Uşaq psixologiyasını, onlarla davranış qaydalarını bilməlidir. Kurs sonrakı mərhələlərdə biliyin təkmilləşməsi üçündür. Azərbaycanda hazırda uşaq futbolunun bu qədər durğun olmasının əsas səbəbi mütəxəssis yetişdirəcək bir təhsil müəssisəsinin olmamasıdır. Bircə Bədən Tərbiyəsi və İdman Akademiyası var. O da Təhsil Nazirliyinin tərkibində olan bədən tərbiyəsi müəllimlərinə nə qədər təhsil lazımdırsa, o qədər təhsil verir. Bizə Avropa standartlarına uyğun məşqçilik akademiyası lazımdır. AFFA bu haqda düşünsə, tədbir görsə, yaxşı olar. Futbol oynamış şəxslərin karyerası ərzində yığdığı praktika onlara məşqçilik zamanı böyük kömək olur. Amma məşqçi işləmək tam başqa şeydir. Buna görə güclü təhsil lazımdır, ələxsus da uşaq futbolunda.

- Daha sonra yenə bu cür səfərlər təşkil olundu?

- Xeyr, sonra Avropaya bu cür səfərlər olmadı. Amma Gürcüstana bir neçə dəfə səfər etdik. Daha sonra Bakıda UEFA-nın kateqoriya kurslarına qatıldıq. İtaliya səfərindən sonra Tovuzdan ilk dəfə Rasim müəllim və mən C kateqoriyası kursunda iştirak etdik və bu kateqoriyanı aldıq. Bundan sonra heç bir kurs olmadı.

- Son illərdə Tovuzda uşaq futbolunda durğunluq var. Sizcə, bunun səbəbləri nədir?

- Bunu bir səbəbə bağlamaq düzgün deyil. Mən də bilirəm Tovuzda uşaq futbolunda durğunluqdur, bir neçə ildir futbolçu yetişmir. Bunun səbəbləri çoxdur. Ən böyük səbəb Tovuzun uzun müddət Premyer Liqada olmamasıdır. Tovuzlu uşaqlar üçün tramplin yox idi. Bizim 17-18 yaşlı uşaqları nə "Neftçi", nə "Sabah", nə "Şamaxı" oynadan deyil. Çünki, hər birinin öz akademiyası var, öz gənclərini oynadırlar. "Turan Tovuz"un Premyer Liqanı tərk etməsi Azərbaycan futboluna çox pis təsir etdi. Çünki, tək tovuzlu uşaqlar yox, digər Premyer Liqa klublarının gənc futbolçuları gəlib "Turan Tovuz"da çıxış edirdilər. Fuad Musayev AFFA prezidenti olan zaman gənclərdən ibarət "Şəfa" komandası yaranmışdı. Orada ancaq Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərinin futbolçuları oynayırdı. Bu, futbolçu yetişdirmək baxımından çox müsbət nəticə verdi. "Turan Tovuz" da bir vaxtlar elə gəncləri özündə cəmləyən komanda idi. Rəşad Sadıqov 16 yaşı olanda "Turan Tovuz"da çıxış edirdi, onun oyununu zövqlə izləyirdik. Hamısını yadıma sala bilmirəm. Bir çox gənc futbolçular və tovuzlu uşaqlardan ibarət olan yaxşı komanda var idi. Həm Azərbaycan milli komandaları, həm klublar üçün çox böyük işlər görülürdü. AFFA-nın ən böyük səhvlərindən biri "Turan Tovuz"u Premyer Liqadan I Diviziona salmaq oldu. Bununla da sistemi məhv etdilər. Əhali arasında da futbola maraq öldü. 

- Bəs indi vəziyyət necədir?

- Hazırda da istedadlı uşaqlar var. 4-5 ildir "Vətən" Futbol Akademiyasının Tovuzdakı bölməsində işləyirdim. Daim axtarışda olurdum. Düzdür, imkanlarımız məhdud idi. Ona görə çox uşaq cəlb edə bilmirdik. Çalışırdıq ki, istedadlı uşaqlar cəlb edək ki, işləyib onları üzə çıxaraq. Bəzən də istedadlı uşaqları təhsilə görə cəlb etmək olmurdu. Dərslərə, əlavə hazırlıqlara görə onların asüdə vaxtı qalmırdı. Bu da böyük problemlərə səbəb olur. Hər bir uşağın uşaqlığını yaşaması onun haqqıdır. Təəssüflər olsun ki, təhsil buna imkan vermir. Valideyinlər övladının gələcəyini düşündüyü üçün onu təhsilə cəlb edir. Bir neçə valideyinlə bu barədə geniş söhbət etmişəm. Onlara demişəm ki, uşaqlar bizim gələcəyimizdir, bizə hər sahədə fiziki cəhətdən güclü olan insanlar lazımdır. Buna görə də uşaq vaxtından övladları futbola və ya digər idman növlərinə qoymaq yaxşı nəticələr verir.

- Uşaq futbolunu inkişaf etdirmək üçün hansı işlər görmək lazımdır?

- Federasiyanın öhdəsinə çox şeylər düşür. Düzdür, AFFA təşkilatçı qurumdur. Onların işi gəlib rayonlarda uşaq futbolunu inkişaf etdirmək deyil. Amma məşqçilərin düzgün istiqamətləndirilməsində, düzgün təhsil almasında təşkilatçı kimi federasiya işi öz üzərinə götürə bilər. Gənc mütəxəssislərə elə təhsil verilməlidir ki, uşaqla işləyəndə problem yaşamasınlar. Söhbət hansısa tapşırığı düz verməkdən getmir. İndi internet dövrüdür. Nəyisə inkişaf etdirmək üçün milyonlarla üsullar var. Məsələ yanaşmadır. Məşqçi əsasən müşahidəçi olmalıdır. Uşaq futbolu məşqçisi 6-8 yaşından 14-15 yaşına kimi uşağı davamlı olaraq nəzarətdə saxlamalıdır. Onun zəif, güclü tərəflərini təhlil etməli, uşağa futbolu sevdirməlidir. Bunları illərlə etmək lazımdır ki, uşaq futboldan həvəslə yapışsın. Bununla yanaşı eyni zamanda da ustalığı artırmaq lazımdır. Dildə demək asandır. Buna səbr, düzgün yanaşma, uşaqla doğru davranış lazımdır. Federasiya məşqçilər üçün kurslar təşkil etməlidir. Yalnız gənclər üçün yox, mən özüm də bilik və bacarıqlarımı artırmaq üçün böyük məmnuniyyətlə orada təhsil alaram.

- Sizin yetirmələrinizdən hazırda Premyer Liqada oynayan futbolçular var?

- Hazırda oynayanlardan Amil Yunanov, Cavid Tağıyev, Rəhman Hacıyev və Vurğun Hüseynovdur. Amma oynayıb karyeralarını bitirən onlarla futbolçu var. Düzdür, onların üzərində mənim əziyyətim böyük olub. Amma biz o uşaqların yetişməsində kollektivik şəkildə çalışan bir komanda idik. Uşaqların yaxşı futbol oynaması üçün heç kim əlindən gələni əsirgəmirdi. O vaxtlar "Turan Tovuz" Premyer Liqada oynayırdı deyə əhali arasında da futbola maraq böyük idi. Tovuz camaatı futbolu yaxşı bilir, istedadı olan uşağın əlindən tutub stadiona gətirirdilər. Bir uşağın yetişməsi üçün ən azı 8-10 il vaxt lazımdır. Bu müddət ərzində bizimlə bərabər valideynlər də əziyyət çəkiblər. Həmişə valideynlərə deyirəm ki, övladınızın futbolla məşğul olmasına görə itirəcəyi heç nə yoxdur. Başqa bir peşənin sahibi olsa belə, mübariz, udub-uduzmağı bacaran bir kadr, sağlam bədən yetişəcək. Gələn uşaqların hamısı futbolçu olmur. Elvin Məmmədov Hikmət Nəsirovun tələbəsi olub. Amma onun futbolçu kimi yetişməsində mənim də əziyyətim var. 12-13 yaşından sonra onu "Turan Tovuz"a cəlb etmişik. Budaq Nəsirov da Hikmət müəllimin oğludur. O da Tovuzun perspektivli uşaqlarından olub. Əvvəllər Uşaq Gənclər İdman Məktəbi və "Turan" Uşaq Futbol Məktəbi var idi. Birincidə Hikmət müəllim çalışırdı, "Turan"da isə mən və komandam. Sonra hər ikisi bir-birinə qarışdı. Tovuzun bütün futbol qurumları yaxşı uşaqlar yetişdirmək üçün tam səfərbər olmuşdu. Bunun da çox gözəl nəticələrini gördük. Ölkə səviyyəsində yaxşı nəticələr əldə etdik. Bir neçə il ardıcıl finala çıxdıq, 2007-ci ildə 17 yaşlılar arasında Respublika çempionu olduq. 

- "Turan Tovuz"un Premyer Liqaya qayıdışı yeni futbolçuların yetişməsinə necə təsir edəcək?

- Bəli, artıq "Turan Tovuz" Premyer Liqaya qayıdıb, klubun akademiyası da var, yaxşı şərait yaradılıb. Artıq tramplin əldə etmişik. Yenə Tovuzdan əvvəlki kimi futbolçular yetişməlidir. Uşaqlar 17-18 yaşa çatandan sonra onlara oynamaq üçün yer lazımdır. "Turan Tovuz"un Premyer Liqada oynaması böyük şansdır. Həmin şansdan düzgün istifadə etmək lazımdır. "Turan Tovuz"da çalışan həmkarlarıma, klub rəhbərliyinə, baş məşqçiyə demək istəyirəm ki, Tovuzda uşaqların yetişməsi üçün hamısı səfərbər olsunlar. Akademiyadan oyunçuları əsas komandaya cəlb edib üzə çıxarmaq lazımdır. Tovuzdan futbolçuların yetişməsi millimizə də xeyirlidir. Hazırda "Turan Tovuz"un qarşısına çempionluq, kubok məqsədi qoymaq tezdir. Bugünkü gündə futbolçu ordusu yığmalıyıq. Bunun üçün də hər cür şərait var. Biz məşq keçən vaxtlarda belə şərait yox idi. Buna baxmayaraq futbolçu ordusu yığmışdıq. İndi də yavaş-yavaş Tovuzda futbola maraq artır. Bunun da bəhrəsini görəcəyimizə inanıram.

Elçin Əlixan


Xəbər xətti