Mədəniyyət

Londonda Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" pyesinin ingilis dilində premyerası olub - FOTO

10 Aprel 2013 09:59
Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Tristan Bates" teatrında Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Baş nazirin müavini və Azərbaycan xalq yazıçısı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" pyesi əsasında eyniadlı tamaşanın premyerası olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, Britaniya rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbiri açan AZICS-in sədri Sənan Əliyev tamaşa haqqında iştirakçılara ətraflı məlumat vermiş, tamaşanın təşkilində verdikləri dəstəyə və köməyə görə müvafiq qurumlara minnətdarlığını bildirmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyətindən bəhs etmişdir.

Bildirilmişdir ki, mədəni tədbirlər ölkələr arasında körpü rolunu oynayır. Xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz önəmi vardır.

Elçin Əfəndiyevin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verən səfir qeyd etmişdir ki, E.Əfəndiyev 100-dən çox kitabın müəllifidir, əsərləri 40-dan artıq dilə tərcümə edilmişdir. 1960-cı illərdə tanınmağa başlamış yazıçı sovet rejiminin qoyduğu məhdudiyyətlər çərçivəsində işləmiş və təsdiqlənmiş realizm konsepsiyasından məharətlə istifadə etmişdir. Onun əsərləri "Elçin teatrı" kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır. Yazıçının bütün əsərlərinin nümunəvi olduğunu diqqətə çatdıran diplomat, "Şekspir" pyesinin xarici tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığını vurğulamışdır.

Daha sonra nümayiş etdirilən "Mənim sevimli dəlim" tamaşası qonaqlarda böyük rəğbət doğurmuşdur.

Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer almışdır. İntihara meyilli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, nə yollasa bir-biri ilə dil tapır. Bəs onların hansı biri daha sərsəmdir? Əslində, bu personajların hər biri "dəli" roluna namizəddir, amma təbii ki, bu fantaziyalar xaosuna təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli olaraq qəbul edilir.

Mattev Qouldun quruluşçu rejissorluq etdiyi tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səsləndirilmişdir. Pyes aktyorlar Riçard Stirling, Oliver Mavdsley, Ralf Boqard, Daniel Robinson, Qaret Bennett-Ryan, Danni Vainrayt, Andrev Saykes və aktrisalar Viktoriya Farley, Viktoriya Sye tərəfindən canlandırılmışdır.

Tamaşadan sonra "Sobranie" restoranının sponsorluğu ilə qəbul təşkil edilmişdir.
Tamaşa aprelin 13-ə dək davam edəcəkdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.