Modern.az

“Ramiz Abutalıbov əqidəsini saxlayan nadir şəxsiyyətlərdən idi” – Lalə Şövkət

“Ramiz Abutalıbov əqidəsini saxlayan nadir şəxsiyyətlərdən idi” – Lalə Şövkət

4 Yanvar 2022, 10:51

Keçmiş dövlət katibi, Azərbaycan Liberal partiyasının lideri Lalə Şövkət Hacıyeva görkəmli diplomat və ictimai xadim Ramiz Abutalıbovun vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, yaxınlarına və Azərbaycan ictimaiyyətinə başsağlığı verib.

Modern.az-ın məlumatına görə, Lalə Şövkət Ramiz Abutalıbovun vəfatını Azərbaycan üçün əvəzolunmaz itki adlandırıb:
 

“Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında böyük rol oynaymışdı. Azərbaycan Xalq Cümhuriyyəti irsinin yenidən kəşfində, öyrənməsində və təbliğatında onun misli görünməmiş fəaliyyəti həmişə bizim yaddaşımızda qalacaq.

Ramiz bəy çox yaxşı dərk edirdi ki, əhalini millətə çevirən əsas amil onun maariflənməsi, öz tarixi köklərinə yiyələnməsidir və həyatını bu müqəddəs məqsədə həsr etmişdi.

Azərbaycan əsl ziyalısını, mütəfəkkirini itirdi. Ramiz bəy əqidəsini, qürurunu, qoruyub saxlayan nadir şəxsiyyətlərdən idi. Onun itkisi Azərbaycan üçün əvəzolunmazdır”.

 

Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də Moskvada uzun müddət müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Mərhumla vida mərasimi 4 yanvar saat 12:30-da II Fəxri Xiyabanda olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı