Mayın 13-də Xalq yazıçısı, ədəbiyyatşünas-alim, dramaturq, ssenarist, ictimai-siyasi xadim Elçinin (Elçin İlyas oğlu Əfəndiyev) 80 illiyi tamam oldu.

Yubiley münasibətilə M.F.Axundzadə adına Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazası hazırlanaraq onlayn şəkildə istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin kitab haqqında fikirləri” və digər bölmələrdən ibarətdir. Bazada yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası bu linkdə: http://anl.az/el/emb/E.Efendiyev/index.html

 

***

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən də Xalq yazıçısı Elçinin yubileyi ilə bağlı elektron təqdimatlar hazırlanıb.

“Elin elçisi – Elçin” adlı videomaterialda ədibin həyat və bədii yaradıcılığına, elmi fəaliyyəti ilə bağlı məlumatlar təqdim olunub. Videoçarxda Elçinin “Tənqid və nəsr”, “Üzeyir Hacıbəylinin publisistikası”, “Ədəbiyyatda tarix və müasirlik problemi” kimi elmi monoqrafiyaları haqqında məlumatlar, həmçinin foto və video görüntülər təqdim edilib.

Elçinin 80 illiyi ilə əlaqədar hazırlanan məlumat bülletenində onun haqqında yazılan, həmçinin özünün müəllifi olduğu kitablar, dövri mətbuatda dərc olunan əsər və məqalələrinə dair məlumatlar xronoloji ardıcıllıqla yerləşdirilib.

Bundan əlavə, virtual kitab sərgisi hazırlanıb. Burada Elçin haqqında yazılan kitabların (“Xalq yazıçısı Elçin”, “Elçinlə ədəbiyyat söhbəti”, “Xalq yazıçısı Elçinin dramaturgiyası” və s.), ədibin özünün müəllifi olduğu “Baş”, “Ağ dəvə”, “Mahmud və Məryəm” kimi Azərbaycan, türk və rus dillərində kitablarının biblioqrafik təsviri yer alıb.