İlham Əliyev: "Həyatımda ilk dəfədir ki, mənə bu sual verilir"

İlham Əliyev: "Həyatımda ilk dəfədir ki, mənə bu sual verilir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib.

Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb.

Müsahibədən bir hissəni təqdim edirik:

Müxbir: Siz artıq əhaliyə və dövlətlərə mesajlar, o cümlədən təminatlar vermisiniz ki, istəsələr onlara qalmağa icazə veriləcək, onlar qorunacaqlar və burada yaşamağa icazə veriləcək. Bu gün ola bilsin ki, bizi izləyən ermənilərə mesajınız varmı? Şərt deyil bu, hökumət olsun, mən bilirəm, Siz baş nazir Paşinyanla təmasdasınız və ona mesaj göndərmək üçün bizim kameralarımıza ehtiyacınız yoxdur. Bəs ola bilsin ki, bizi izləyən başqa ermənilərə gəlincə necə? Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir.

Müxbir: Həqiqətənmi?

Prezident İlham Əliyev: Bəli. Düşünürəm ki, mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib.

Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır.

Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı.

Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Cebhe.info