Hadi Rəcəbli niyə özünü kasıb göstərməyə çalışır? – Tural Abbaslıdan AÇIQLAMA

Hazırda oxunan: Hadi Rəcəbli niyə özünü kasıb göstərməyə çalışır? – Tural Abbaslıdan AÇIQLAMA

85440

1995-2020-ci illərdə Milli Məclis kürsüsündə əyləşən sabiq deputat, Əmək və sosial siyasət komitəsinin eks-sədri Hadi Rəcəbli uzun müddət sonra sükutu pozaraq mətbuata müsahibə verib.

Belə ki, sabiq millət vəkili “Müsavat TV” əməkdaşıyla öz bağ evində görüşüb. Maraqlı məqamsa ondan ibarətdir ki, Hadi Rəcəbli nimdaş geyimdə və sadə hesab oluna biləcək bağ evində kamera qarşısına çıxıb.

H. Rəcəblinin ona ünvanlanan hər sualda sadə və qənaətcil həyat yaşadığını, pensiya ilə dolandığını vurğulaması isə daha çox diqqət çəkib. Ona görə ki, sabiq deputatın adı mütəmadi olaraq biznesmen deputatlar siyahısında çəkilib. Ona və ailəsinə məxsus obyektlər və mülklərsə zaman-zaman ölkə mətbuatı tərəfindən işıqlandırılıb.
Hadi Rəcəblinin hansı məqsədlə reallıqdan tamamilə fərqli obraz çizməyə çalışması isə müəyyən suallar doğurub.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, Hadi Rəcəbli kimi siyasətcilər olduqca hiyləgər insanlardır:

“Bunu aşağılamaq yox, sözün birbaşa mənasında deyirəm. Məqsədlər müxtəlif ola bilər. Lakin niyə məhz indi, niyə bağ evindən və paltarından danışır? Siyasətçi siyasətdən danışar, proqnozlar verər, sosial-iqtisadi məsələlərə münasibət bildirər. Özü də Hadi Rəcəbli uzun illər parlamentin Əmək və sosial siyasət komitəsinin sədri olub. Yoxsa “idman formamı sovet dövründə almışam”, “bağ evim sadədir” və s. məsələlərdən söhbət açır. Əslində bağ evinin sahəsi də xeyli böyükdür.

İkincisi, cənub bölgəsinə gedib, insanlardan soruşsanız Hadi Rəcəblinin hansı mülklərinin olduğunu bir-bir sizə göstərəcəklər”.

Tural Abbaslı Hadi Rəcəblinin gələcək seçkilərə hazırlıq məqsədilə bu cür addım ata biləcəyini ehtimal edib:

“Ola bilsin ki, qulağına təkrar seçkilərin keçiriləcəyilə bağlı səslər gəlib. Yaxud da oliqarx kimi yadda qalmamaq üçün bunu etmiş ola bilər. Ona görə ki, insanlar bu tip siyasətçilərin həbsini, əmlaklarının müsadirəsini tələb etməsinlər. Bir çox siyasətçilər son dövrlərdə efirlərdə özlərinin guya heç bir əmlaka sahib olmadıqlarını göstərməyə çalışırlar. Yəqin, bu da yeni trenddir. Sovet dövründə də məmurlar eyni kostyumdan 30 dənə alıb deyirdilər ki, “baxın bir dəst kostyumum var”.
 

Hadi Rəcəblinin etdiyi də bu tip addımdır. Onlar bizi, medianı aldada bilərlər. Lakin insanları aldada bilməzlər. İnsanlar gedir, kiminsə təsərrüfatında çalışır və bilir ki, ora kimə məxsusdur.


Ya da hər hansı şadlıq evinə gedəndə də onun kimə aid olduğunu bilirlər. Ona görə də insanları aldatmağa cəhd etməsinlər. Sakitcə çəkiliblərsə, sakitcə də otusunlar. Adama deyərlər “niyə qaşınırsan?”.

Partiya sədri Hadi Rəcəblinin yenidən deputatlığa namizədliyini irəli sürməsi ehtimalının real olduğunu da sözlərinə əlavə edib.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO