Bu gün xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin 79 yaşı tamam olur. Bu haqda BakuPlus.az, 13 may tarixində xəbər verir.

Elçin Əfəndiyev 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib.

Uşaqlıq çağlarından etibarən bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı ədəbi mühitinin içində olan yazıçının daimi mütaliəsinin əsasına çevrilib.

İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub.

Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib.

“Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Onun “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb.