SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyevin 79 yaşı tamam olur.

Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib.

Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım..."

İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb.

Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.

22 filmin ssenari müəllifi olan Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.

2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Elçinin Əfəndiyevin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında Londondakı St. James teatrında "Gecə yarısı" (ing. Midnight) musiqili tamaşası hazırlanmışdır.

BAKU.WS