İDMAN
RAMİZ ŞƏMŞƏD OĞLU MİRZƏYEV
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü və partiyanın Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru Ramiz Şəmşəd oğlu Mirzəyev 2007-ci il oktyabrın 30-da ömrünün 54-cü ilində vəfat etmişdir.
Ramiz Mirzəyev 1954-cü il oktyabr ayının 27-də Tovuz şəhərində anadan olmuşdur. O, 1972-ci ildə Tovuz şəhər orta məktəbini bitirərək, Azərbaycan Politexnik İnstitutunun radiotexnika və radiorabitə fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin institutu radio rabitəsi və radio verilişləri mühəndisi ixtisası üzrə başa vurmuşdur. Ramiz Mirzəyev 1997-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kimya texnologiyası və biotexnologiya, 1999-2001-ci illərdə isə biznesin idarə olunması fakültələrində təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə başlayan Ramiz Mirzəyev 1980-ci ilədək Azərbaycan Respublikasının Rabitə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, 1980-1986-cı illərdə SSRİ Qaz Sənayesi Nazirliyinin “Azqaznəql” İstehsalat Birliyində böyük mühəndis, qrup rəhbəri və şöbə rəisi vəzifələrini tutmuşdur. O, 1986-1988-ci illərdə Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi “Azqaztəmirtikinti” ixtisaslaşdırılmış təmir-tikinti trestinin istehsalat-texnoloji komplektləşdirmə idarəsində baş mühəndis, idarə rəisi, 1988-1997-ci illərdə indiki “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində maye qazın istehsalı və ixracı üzrə istehsalat birliyinin rəis müavini, rəisi və baş direktoru işləmişdir. Ramiz Mirzəyev 1997-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkəti “Azərneftyağ” İstehsalat Birliyinin baş direktoru, 2003-2006-cı illərdə “Azərneftyağ” neft emalı zavodunun direktoru vəzifələrində çalışmışdır. O, 2006-cı ildən ömrünün sonunadək Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini olmuşdur.
2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilən Ramiz Mirzəyev ölkədə futbolun inkişaf etdirilməsində səmərəli fəaliyyət göstərmişdir.
İstehsalatı elmi tədqiqat işləri ilə uğurla əlaqələndirməyi bacaran Ramiz Mirzəyevin respublikanın karbohidrogen ehtiyatlarının öyrənilməsi ilə bağlı apardığı araşdırmalar təqdirəlayiqdir. O, ardıcıl elmi fəaliyyətlə məşğul olaraq, 2003-cü ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun araşdırmalarının nəticəsi olan 50-dən artıq elmi məqalə, monoqrafiya və dərslik mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Harada işləməsindən və hansı vəzifəni icra etməsindən asılı olmayaraq, Ramiz Mirzəyev çalışdığı kollektivin dərin hörmətini qazanmış, bütün sahələrdə yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək, bacarıqlı istehsalat rəhbəri kimi tanınmışdır. O, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak etmişdir.
İctimai xadim və təvazökar insan Ramiz Mirzəyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Əli Əsədov, Natiq Əliyev,
Azad Rəhimov, Əli Abbasov,
Rövnəq Abdullayev, Əlixan Məlikov,
Əli Əhmədov, Ələkbər Məmmədov,
Kazbek Tuayev.