MƏDƏNİYYƏT
Britaniyanın “The Stage” qəzetində Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyev barədə məqalə dərc olunub
London, 27 fevral, AZƏRTAC
Britaniyanın nüfuzlu “The Stage” qəzetində Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyev haqqında məqalə dərc edilib.
Məqalədə Azərbaycanın Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev istedadlı siyasətçi və yazıçı kimi təqdim olunur.
Müəllif əvvəlcə E.Əfəndiyevin həyatı haqqında qısa məlumat verir. Bildirilir ki, Elçin İyas oğlu Əfəndiyev ədəbiyyatda qısa olaraq Elçin kimi tanınır. Onun 100-dən artıq kitabı, tamaşası və ekran əsərləri vardır ki, dünyanın 20-dən çox dilinə tərcümə olunub. Xalq yazıçısı qəzetə müsahibəsində bildirib: “Mən ilk səhnə əsərimi 1968-ci ildə 25 yaşım olanda yazmışam. Lakin sovet senzurası əsərimi səhnələşdirməyə imkan vermirdi. Ona görə də həmin dövrdə mən nəsr əsərləri yazmağa yönəlmişdim. Sovet İttifaqı dağıldıqdan sonra daha çox tamaşa və ekran əsərləri yazmağa başladım”.
Müəllif sovet dövründə yüzlərlə istedadlı sənətkarın “Dəmir pərdə” arxasında qaldığını bildirib. Lakin bütün çətinliklərə baxmayaraq, bir çox azərbaycanlı sənətkar Qərbdə tanınıb, şöhrət qazanmağı bacardı.
Məqalədə, həmçinin Elçinin atası xalq yazıçısı İlyas Əfəndiyev və qardaşı əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev haqqında məlumat verilir. İlyas Əfəndiyevin XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olduğu diqqətə çatdırılır. T.Əfəndiyevin də ədəbiyyat sahəsində bir çox uğurlara imza atdığı və professor kimi elmi ada yüksəldiyi vurğulanır.
Məqalədə, həm də Londonda “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən II beynəlxalq “Buta” festivalından bəhs edilir. “Alov” teatrı tərəfindən “Buta” festivalı üçün səhnələşdirilən Elçinin “Teleskop” əsəri haqqında məlumat verilir. Qeyd edilir ki, yer ilə cənnət arasında ülvi bir yoldan bəhs edən əsər, insanın həyatdan sonrakı dünyaya olan ilk addımından bəhs edir.
Yazıda “Alov” teatrının prodüseri Sənan Əliyev və “Teleskop” tamaşasının rejissoru Matthev Qoldun fikirlərinə yer verilib. Qeyd edilib ki, Elçinin əsərləri dünyada və həm də Britaniyada sevilir, böyük maraqla qarşılanır. Yazıçının Londonda səhnələşdirilən digər əsərləri kimi “Teleskop”un da böyük maraqla qarşılanacağına əminlik ifadə olunub.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London