08 May 2024
“Ramiz Mehdiyev nüvə alimi deyil ki, onu dövlət qorumasına alıblar...” - İlham İsmayıl

“Ramiz Mehdiyev nüvə alimi deyil ki, onu dövlət qorumasına alıblar...” - İlham İsmayıl

11 Fevral 2022
Baxış: 1070

Təhlükəsizlik məsələləri üzrə ekspert: “AMEA prezidentini hansı parametrlərə görə dövlət qoruması altına alıblar, bu aydın deyil”

Sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun Ramiz Mehdiyevlə bağlı məlum müraciətində maraqlı bir məqam da diqqəti cəlb edib. Misir Mərdanov Ramiz Mehdiyevin ciddi mühafizə edildiyini deyib. “Bir zamanlar həqiqi elm xadimləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev kimi şəxsiyyətlər AMEA-nın prezidentləri olublar, sadə bir ziyalı kimi həmişə elm xadimlərinin yanında, alimlərin içində, elmi-tədqiqat institutlarının iclaslarında olub, akademiyanın həyatı ilə yaşayıblar. İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur”, – deyə Misir Mərdonov bildirib.

AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən “report”a bildirilib ki, Ramiz Mehdiyevə mühafizə dövlət tərəfindən ayrılıb. Yəni o, özü üçün xüsusi mühafizə xidməti saxlamır. Maraqlıdır, Ramiz Mehdiyev niyə dövlət qoruması altındadır? Əgər şəxsi mühafizə olardısa, o halda iki DYP maşını onu müşayiət edə bilməzdi. İndiyədək AMEA prezidentlərinin bu cür qorunmadığını Misir Mərdanov da deyib. O halda Mehdiyev hansı statusda dövlət qoruması altındadır? Dövlət qoruması hansı şəxslərə aiddir?

AJMEDİA.İNFO-nun məlumatına görə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Ramiz Mehdiyevin xüsusi mühafizə altına alınması qanunda nəzərdə tutulmayıb:

“Prezident, vitse-prezident, spiker və QMİ sədri dövlətin qoruması altındadır. AMEA prezidentini hansı parametrlərə görə dövlət qoruması altına alıblar, bu, aydın deyil”.

Ekspert deyir ki, vaxtilə alimlər olub ki, onlar xüsusi qoruma altına alınıblar:

“SSRİ dönəmində alimlər olub ki, xüsusi məxfilik daşıyıblar, atom, nüvə məsələləri ilə bağlı araşdırmalar aparıblar. Onların oğurlanması, məhv edilməsi aktual olduğundan xüsusi qoruma altına alınıblar. Ramiz Mehdiyev atom və nüvə alimi deyil ki, onu xüsusi nəzarət altına alıblar”.

Ekspert deyib ki, Ramiz Mehdiyevin AMEA prezidenti postunda olmasının özü belə mübahisəlidir:

“SSRİ dövründə nə Azərbaycan Elmlər Akademiyasına, nə də ki, ümumiyyətlə, SSRİ məkanındakı elmlər akademiyalarında humanitar biliklərin sahibi akademiya prezidenti olmayıb. Elmlər Akademiyasına həmişə dəqiq elmlərin nümayəndələri rəhbərlik edib. Ramiz Mehdiyevə qədər akademiyanın tarixində humanitar sahədən gələn birisi rəhbər olmayıb. Bu gün Rusiyada da belədir. Ramiz Mehdiyevin qoruma altına alınması sanki keçmiş statusundan irəli gəlir. Bu qanunsuzdur, amma görünür, nəsə hiss ediblər ki, bu şəkildə davam edir”.